“Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar paytaxt Bakıda genişmiqyaslı maarifləndirmə aksiyası təşkil edib.
Aksiya zamanı təşkilatın sədri və üzvləri şəhər sakinlərini, xüsusilə də gəncləri narkotik asılılığa və pis vərdişlərin yayılmasına qarşı mübarizə aparmağa, cəmiyyətin sağlam gələcəyi naminə bu işdə fəal olmağa çağırıblar.
Aksiyanın təşkilatçıları narkomaniyanın zərərləri və təhlükələri haqqında geniş məlumat veriblər və bildiriblər ki,mütəxəssislər qeyd edirlər ki, narkomaniya insanın həm fiziki, həm də psixi sağlamlığına sağalmaz zərbə vurur, daxili orqanların fəaliyyətini pozur və erkən ölümlərə səbəb olur.
Zərərli vərdişlər həmçinin insanlarda güclü psixoloji asılılıq yaradaraq onların sosial həyatdan təcrid olunmasına, ailələrin dağılmasına və hüquqazidd əməllərə yol açmasına gətirib çıxarır.
Azərbaycanda mövcud vəziyyətlə bağlı aksiyada o da vurğulanıb ki,rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olan şəxslərin sayı 40 min nəfəri ötüb.
Bu cür təhlükəli tendensiyaların və sintetik narkotiklərin yayılmasının qarşısını almaq məqsədilə ictimaiyyətin, xüsusilə də gənclərin maarifləndirilməsi istiqamətində belə aksiyaların keçirilməsi xüsusi əhəmiyyət daşıyır.


























