image-indirbackend

Novruzdan sonra dövlətlərarası barışıq mümkündürmü?-CƏMALƏDDİN QULİYEV YAZIR

image-reklam_sirab_01
…Çinin vasitəçiliyi ilə Tehran rejimi və Səudiyyə Ərəbistanı arasında ilkin barışıq üçün anlaşmalar əldə edilməsi, Bəhreyn və BƏƏ-nin də bu razılşamalara qoşulacaqaları barədə açıqlmalar verilməsi Azərbaycanla da gərginliyi aradan qaldıracağı haqda gözləntilər yaradır.
Xatırladaq ki, “İbrahimi anlaşmaları” çərçivəsində Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin İsraillə də yaxınlaşması var. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səud da bu ilin əvvəlində bildirmişdi ki, krallıq fələstinlilərə dövlət hüququ verilməyənə qədər İsraillə münasibətləri normallaşdırmayacaq. Səudiyyə maliyyə naziri Məhəmməd Əl-Cədaan isə deyib ki, sazişlərə əməl edilsə və onlara hörmət edilərsə, Ər-Riyad tezliklə Tehran dövlətinə sərmayə də yatıra bilər.
Müşahidəçilər hesab edir ki, İranla Səudiyyə arasında ilkin razılaşma İranın digər körfəz ölkələri ilə yaxşılaşmasını da təşviq edir.
Bəs bu anlaşmalar Azərbaycan-İran münasibətlərinə necə təsir edəcək? Üstəlik, münasibətlərə təsir edəcək digər faktorlar da var.
-Rusiya prezidentinin bu günlər “Şimal- Cənub dəhlizi”nin işə salınmasını sürətləndirmək üçün tapşırıqlar verdiyi, bu zaman yaranmış geosiyasi çətinliklərin aradan qaldırlmasına xüsusi vurğu etməsi bəllidir.
-Səudiyyə-İran razılaşması ilə paralel olaraq Pekinin Qafqaz və Orta Asiyada fəallaşması, “orta dəhliz” ideyasının reallaşdırmağa etdiyi təşəbbüslər diqqət çəkir.
-Bakı və Tehran arasında mövcud gərginlik Ankarada da xüsusi narahatlıqla izlənilir. Rəsmi Ankara mövcud gərginliyin birbaşa silahlı qarşıdurma mərhələsinə keçməsində maraqlı deyil. Bu, Şuşa bəyannaməsi sayəsində “iki dövlət –bir ordu” modeli ilə yeni əməkdaşlıq səviyyəsində olduğumuz Türkiyənin də faktiki müharibəyə cəlb olunması demək olardı, Türkiyə isə hazırda yenidən “qonşularla sıfır problem” siyasətinə dönüş edib; Səudiyyə, Misir, İsrail, Yunanıstan, BƏƏ, hətta Suriya və Ermənistanla mövcud gərginlikləri aradan qaldırmağa çalışır.Aydındır ki, yeni gərginlik yaratmaq da istəmir. Həm də baş vermiş zəlzələ və qarşıdan gələn taleyüklü seçki Türkiyəni daha çox daxili problemlərə köklənməyə vadar edir.
İran xarici işlər naziri Əmir Abdullahian martın ilk ongünlüyü Türkiyəyə səfəri zamanı türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşlərdə Azərbaycan mövzusu da müzakirə olunmuşdu. Görüşdən sonra isə Abdullahian İran prezidenti İbrahim Rəisinin Ankaraya səfər edəcəyini açıqlamışdı. İranlı ekspertlər həmin səfərin də əsas mövzularından birinin Bakı -Tehran gərginliyinin aradan qaldırılmasında Ankaranın vasitəçilyi ilə bağlı olacağını proqnozlaşdırırlar. Ancaq Antiazərbaycan dairələrinin tərcümanlığını edən, iki ölkə arasında periodik yaşanan gərginliklərin, o cümlədən son gərginliyin də qızışdırıcılarından olan Burhan Heşmətiyə görə, Əmir Abdullahianın Türkiyəyə səfəri və prezidentin bu ölkəyə gözlənilən səfərindən nəsə gözləmək yersizdir: “Çünki Türkiyə ilə Azərbaycan arasında əlaqələr çox sıx olsa da, “bir millət- iki dövlət” şüarı daim təkrarlansa da, fakt belədir ki, Azərbaycan iqtidarı Türkiyədən daha çox sionist rejim və pantürkist mərkəzlərin təsiri altındadır, Ankara-Bakı yaxınlığının Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşmasına böyük təsir göstərəcəyinə ümid edə bilmərik”….Heşməti hesab edir ki, Rusiya və Azərbaycan arasında çoxtərəfli əlaqələr, Rusiyanın bölgədəki təsir potensialı, İranla çox yaxşı və yaxın münasibətləri nəzərə alınaraq Moskva İran – Səudiyyə razılaşmasına bənzər dialoqun baş tutması üçün ciddi rol oynaya bilər. Bir şərtlə ki, “Bakı heç olmasa, diplomatlarını Tehrana qaytarsın”.
O, Rusiyanın Təl-Əviv vasitəsilə Bakıya təsir etmək ehtimalını ida istisna edir. Hərçənd, deyəsən, bu istiqamətdə, daha doğrusu, Təl-Əviv Tehran-Vaşinqton yaxınlaşması istiqamətində də müəyyən addımlar atılması ehtimalları artır. Hələ II Qarabağ savaşı zamanı İranın yarımrəsmi instansiyalarını təmsil edənlər tərəfindən bölgədə nüfuzlu olmağın yeganə yolunun Vaşinqton və Qərblə yaxınlaşmaq olduğu haqda açıqlamalar verilirdi. Bu günlər Omanın vasitəçilyi ilə Tehranla Vaşinqton arasında müəyyən bazarlaşmalar getdiyi də sirr deyil.
İsrail kəşfiyyatının keçmiş rəhbəri Efraim Halevinin fikrincə, Çin formatı İran-İsrail münaqişəsinə Tel-Əvivin əvvəllər düşünmədiyi fərqli yanaşma təklif edə bilər. O xatırladıb ki, Pəhləvilər dövründə İranla İsrail arasında çox yaxşı münasibətlər olub. İsraillə İran arasında real maraqlar toqquşması, ərazi qarşıdurması yoxdur. İran və Səudiyyə arasında yeni anlaşmanı “çox təəccüblü” adlandıran Halevi İsrail liderlərini razılaşmanı “gözləməyə” yox, yeni proseslərlə işləməyin yollarını tapmağa çağırır: ”İsrail anlamalıdır ki, iranlıları Ərəbistana yaxınlaşdıran nədir. Gizli şəkildə “Təl-Əviv-Tehran” yaxınlaşması imkanları da araşdırılmalıdır” ( Middle East Eye).
Beləliklə, Pekinin təşəbbüsləri bölgədə yeni reallıqlar yaradır. Bu reallıqlar, proseslər qonşu hər 2 paytaxtda(Tehran və Moskva), eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən( Ankara, Ər-Riyad, Təl-Əviv) ciddi izlənir və müvafiq addımlar atılır. Demək, rəsmi Bakının da proseslərə uyğun çevik qərarlar qəbul etmə zərurəti ortaya çıxa bilər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki