Mədəniyyətin ən vacib amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Ölkəmiz çox qədim dövrlərdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni hesab olunur. Dünya və Avropa mədəniyyətinin şərq mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan əlverişli coğrafi şəraitə, geosiyasi və mədəni imkanlara malikdir. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə seçilən ölkəmizdə bu müxtəlifliyin etnik-milli mənbələri özünü büruzə verir. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti normaldır və mədəniyyətləri – folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlif olmasına baxmayaraq vəhdət təşkil edir.Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni – münasibət bəslənib, heç bir ayrı-seçkiliyə yol verilməyib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridərək , milli azlıqların hüquqlarının təminatı sahəsində də mühüm nailiyyətlərə nail olub.
44 günlük müharibədən sonra Qarabağda hələ də bir neçə erməni ailəsinin yaşadığı hər birimizə məlumdur. Lakin bu bizi heç də narahat etmir. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edir və ümid edirik, onlar da tezliklə başa düşəcəklər ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir və ölkəmizdə bütün etnik qruplar,bütün xalqların nümayəndələri,o cümlədən də ermənilər də daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var ,lakin onların bu mənada heç vaxt heç bir problemi yoxdur. Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğatın aparılması heç də yaxşı deyil və buna son qoyulmalıdır.Bizim haqqımızda mifologiyalar uydurmaq , Azərbaycanlıları iblisləşdirmək sülhə aparıb çıxarmayacaq. Müharibədən sonra baş verənlər onu göstərdi ki, Azərbaycanın heç bir pis niyyəti yoxdur.Biz sadəcə sülh, ərazi bütövlüyümüzün tanınmasını istəyirdik və arzumuza çatdıq . Bu bir danılmaz faktdır ki,Azərbaycanda yaşayış standartları Ermənistandakından qat-qat daha yaxşı və yüksəkdir.Ermənilər sürətli bir şəkildə iqtisadi inkişafın bir hissəsinə çevrilə bilərlər, onlar vahid Azərbaycan dövlətində özlərini daha rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən üz döndərməlidirlər. Onlar həm də reallığı görməli və anlamadırlar. Yaxın zamanlarda yüz minlərlə azərbaycanlı Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və ermənilər bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamağı öyrənməli və düşmənçiliyi bir kənara qoyub separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb edərək bizə uyğunlaşmağa çalışmalıdırlar.
Dövlətimiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə tədbirlər həyata keçirilir. Bu da öz növbəsində ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi müxtəlif mədəniyyətlərin qovşağı kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin nəzərə çarpmadığı ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.
Mamedova Fəridə YAP-ın üzvü