image-1backend

Göytəpədən yüksələn qəhrəman – Gülər Mübariz yazır  

image-reklam_sirab_01

Mənim qələmim Vətənə xidmət edir, mənim qələmim Vətən uğrunda əziyyət çəkən hər kəsə xidmət edir, arxa və ön cəbhənin fərqi olmaz. Vətənim üçün , xalqım üçün qələmimi gözümün nuru, qəlbimin odu ilə bəslərəm, mürəkkəbi bitər, qanımı qataram, özüm bitsəm də, sözüm-söhbətim bitməz. Yenə bir igid haqqında danışacam sizə. Bu gün nəfəs ala bildiyimiz dünyada haqqı olanlardan; Famildən danışacam sizə…

Fərəcov Famil Yavər oğlu 10 iyul 1980-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində hərbiçi ailəsində anadan olmuş,1999-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Naxçıvan Muxtar Respublikasında PDM-2 üzrə birinci dərəcəli baş sürücü mexanik vəzifəsində xidmət etmiş,2000-ci il iyul ayında ehtiyata buraxılmışdır. Hərbiyə olan həvəsi onu yenidən xidmətə qaytarıb,2001 -ci il fevral ayında Müdafiə Nazirliyinin nəzdində olan təlim-tədris mərkəzinin gizirlər məktəbinə qəbul olub;altı aylıq kursu müvəffəqiyyətlə bitirib Beyləqanda yerləşən N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində xidmət edib. Daha sonra öz istəyi və həvəsi olan xüsusi təyinatlı qüvvələrə getmək və orda xidmətinə davam etmək istəyini gerçəkləşdirir, 2002-ci ildə xüsusi təyinatlı qüvvələrin kursuna qatılır. 500 nəfərdən çox heyətlə kursa başlayıb və altı aylıq həddindən artıq ağır kursu 38 nəfərlə tamamlayıb, gizirlər arasında isə bu kursu birinciliklə bitirir.

Xidmətini yaşmada yerləşən məhşur ,bütün dünyaya səs salan 052 saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb,dörd il xidmət etdikdən sonra yeni yaranan snayper qrupuna seçilir,bu qrupa seçildikdən sonra snayper hazırlıqlarında snayper elmini yüksək səviyyədə mənimsəyir, XTQ tarixində məhz bu qrup-yeni yaranan xüsusi təyinatlı snayper qrupu ilk döyüş tapşırığına göndərilir və ilk tapşırıqda uğurlu fəaliyyətlər icra edir.

Famil də bu fəaliyyətlərdə fərd və cütlük olaraq fərqlənir,beləcə bu döyüş tapşırıqları silsiləli şəkildə davam edir, snayper qrupu olaraq bir il ərzində yüz nəfərə yaxın düşmənin önəmli canlı qüvvəsini məhv edir. Məhv olunan canlı qüvvənin içində yüksək rütbəli polkovnik ,mayor, xüsusi hazırlanmış snayperçilər, muzdlu əsgərlər və müddətli əsgərlər var idi, bunların bir çoxunda Familin böyük əməyi, əziyyəti və əzmkarlığı olmuşdu.

Sərrast atışı ilə hər kəsin, komandanın da çox önəm verdiyi və snayper mütəxəssisi kimi sevdiyi bir döyüşçü olub. 2011-ci ildə xüsusi snayper tapşırığına göndərilən Famil və badisi bir həftə ərzində müxtəlif koordinatlarda dörd nəfərdən çox düşmən əsgərin zabitini məhv edir,artıq ermeni snayperləridə eyni qaydada qarşı tərəfdə fəaliyyətə başlamışdı,Famil həmin snayperi aşkar edərək məhv edir.
Bu dəfə qarşı tərədən gələn həmlədə həmin snayperin köməkçisi Familin yerini aşkar edərək ona atəş açır,optik nişangaha dəyən güllə istiqamətin dəyişib daşa dəyir , ordan qopan güllə və daş qırıntıları Familin üz-gözünə və başına batır.
Bununla da geri çəkilməyən Famil yenə də oranı tərk etmək istəmirdi. Tapşırığa rəhbərlik edən milli qəhrəman, polkovnik Murad Mirzəyev Familin yanına gələrək onun boynun qucaqlayır “sən əsl qəhrəmansan narahat olma,müalicə al, biz yenə səni gözləyirik, gəl bunları vur məhv et” deyir.

XTQ-də ilk döyüş yarası alan Famil tez bir zamanda sağalaraq yenidən xidmətə davam edir,amma bu dəfə gözündə olan görmə çox aşağı olduğuna görə sol gözü ilə nişan alıb atmağı məşq edir və istəyinə uğurla nail olur.
2016 cı ilədək xeyli snayper tapşırığında və keçidlərdə iştirak edir, 2016 cı il aprel döyüşlərinə qatılır və bu döyüşlərdə də yüngül yaralanma ilə düşmənə amansız və dəqiq atışları ilə xeyli zərbə vurur,2017 ci ildə Qazaxıstan da keçiriləcək “ən yaxşı snayper” yarışı üçün Azərbaycan ordusunda keçirilən seçimlərə qatılır,ilk olaraq xidmət etdiyi birliyin taborunda birinciliyi əldə edir, daha sonra mərhələli şəkildə xüsusi əməliyyat briqadası üzrə birinci olur, daha sonra xüsusi təyinatlı qüvvələrdə birinci olur.

2017-ci ildə keçiriləcək yarışda isə bir atış çalışmasında (snayper estafetində) öz qrupunda hər kəsi geridə qoyaraq birinci olub,daha sonra 2018-ci ildə belarusiyada keçirilən snayper yarışına yenə eyni mərhələləri keçərək birinci olur. 2020 -ci il sentyabr ayı 44 günlük Vətən müharibəsi başlandı,bu müharibədə Famil yüzlərlə düşmən əsgərin məhv etdi və oktyabr ayında Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə hər iki ayağından ağır yaralanır,hospitalda əməliyyat olub müalicə alır və yenidən öz təkidi ilə döyüş meydanına qayıdır.

Şuşa uğrunda gedən döyüşlər zamanı geri qayıdan Familin və Xüsusi Təyinatlı Qüvvələrin döyüş tapşırıqları bitmir,Familində iştirak etdiyi 2020 dekabr ayında olan döyüş tapşırığında 62 əsir götürülür,daha sonra 2021-ci ildə Kəlbəcərdə dövlət sərhədlərinin bərpası, yüksəkliklərin azad olunması üçün 55 gün həmin ərazidə döyüş tapşırıqları icra edirlər,2022-ci ildə Famil aldığı fiziki xəsarətlər və yaralardan dolayı ordu sıralarından 3-cü qrup əlilliklə təxris olur.

Bu gediş nə döyüş yoldaşlarının, nə də komandanın ürəyindən olmur. XTQ kamandanı, Vətən müharibəsi qəhrəmanı, general leytenant Hikmət Mirzəyev Familin təxrisini istəməsə də, onunla dəfələrlə söhbət etsə də, Familin səhhətində olan vəziyyəti görüb məyusluqla təxrisə icazə verir.

Famillə görüşüb vidalaşarkən “Sən bu Vətən üçün əvəzolunmaz döyüşçü oldun və qəhrəmanlığa layiq çox işlər gördün” sözləri Famildə döyüş qüdrətini daha da möhkəmləndirir. Döyüşə hər zaman hazır olduğunu bildirir.
22 yaşında yaşmaya qədəm qoyan Famil 20 il qüsursuz xidmət edərək gəncliyinin ən gözəl çağını vətənə fəda edir,42 yaşında 3-cü qrup vətən müharibəsi əlili kimi ordudan təxris olur.

Xidmət illərində bir çox nailiyyətlər əldə edir,yuxarı kamandanlıqdan 20-ə yaxın Fəxri fərman,cənab Ali Baş Komandan, prezident İlham Əliyev və Müdafiə Naziri tərəfindən 12 medal və QARABAĞ ordeni ilə təltif olunur.
Vətənimin igid oğullarından olan Familə ilk növbədə can sağlığı arzu edir və ən önəmlisi can borcumuz olan bu igidə cani-könüldən təşəkkür edirik.

Allah səni və sənin timsalında qəhrəman oğulları qorusun, Vətən oğlu. Sən canını fəda etdin, mənim də gücüm bu qələmə çatır, haqqını halal et…

image-2

Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image