Bu günlərdə vəkilim hörmətli Asabali Mustafayev cənablarından bir məlumat aldım. Məlum oldu ki, 2019-cu ildə sərbəst toplaşmaq hüququmuzun pozulması səbəbilə Avropa Məhkəməsinə etdiyimiz müraciətdə haqlı sayılmışıq və etdiyimiz şikayətlər fonunda Məhkəmə: hər biri 1500 avro olmaqla ümumilikdə 3000 avro (təxminən 6000 manat) civarında dövlətimizi cərimələyib.
Vətəninfo.az xəbər verir ki,bu fikirləri Gələcək Azərbaycan Partiyası sədri Agasəf Şakiroğlu açıqlayəb. GAP sədri bildirib ki, Avropa Şurası Parlament Assambleyasının xalqımıza və dövlətimizə qarşı apardığı qərəzli, eyni zamanda ikili standartlarla rəftarına etiraz əlaməti olaraq Avropa Məhkəməsinin qəbul etdiyi Qərarları rədd edir: “Öz daxilində ədalət hissini itirmiş, erməni lobbisinin əlində alətə çevrilmiş, millətimizə, xalqımıza və dövlətimizə qarşı iyrənc siyasət yürüdən bir təşkilatın hansısa məhkəməsində ədalət axtarışını günümüzün reallıqlarına uyğun hesab etmirəm. Öz daxilində ədaləti görməzdən gələnlər heç bir zaman ədalətli ola bilməz! Şəxsən mən, 2020-ci ilin 27 sentyabrınadək beynəlxalq qurumların ədalətinə ümid bəsləyirdim. Ancaq və lakin Azərbaycanımızın apardığı 44 günlük Vətən savaşında başda Fransa olmaqla bir çox Avropa dövlətlərinin ölkəmizə və xalqımıza qarşı erməni lobbisinin diqtəsilə səsləndirdikləri sərsəm bəyanatlar və açıqlamalar bu qurumlara olan inamımı tamlıqla sarsıtdı. Dövlətimizə və xalqımıza dil uzatmış, haqq savaşımızdan sonra vətənimizə qarşı AŞPA-da həyata keçirilən düşmənçilik siyasətinin davamı olaraq “səsvermə hüququndan məhrum etmə” əməliyyatı və bu əməliyyatın fonunda Fransanın dirijorluğu ilə Ermənistanın silahlandırılması – “AVROPADA ƏDALƏT və DÜRÜSTLÜK VAR” düşüncələrimizi dəfn etdi. Bu və digər səbəbləri nəzərə alaraq öz prinsiplərinə xəyanət etmiş, başqa-başqa kiçik qrupların əlində alət olmuş bir qurumun formalaşdırdığı “ədalət məhkəməsinin” verdiyi “qərar” şəxsən mənim üçün kağız parçasından ibarətdir! Bu səbəbdən də AŞPA-nın dövlətimizə qarşı yürütdüyü düşmənçilik siyasətinə etiraz olaraq mənə ayrılmış təzminatdan rəsmən imtina edir, pozulmuş hüquqlarım fonunda dövlətimi hansısa əldəqayırma “məhkəməyə” verməkdən imtina edirəm. Mənim üçün pozulmuş hüquqlarım Qarabağımızdan, vətənimizdən və dövlətimizdən üstün deyildir!
Mən doğru bildiyimi etdim. Əminəm ki, vətəninə bağlı olan hər bir şəxs şəhidlərimizin müqəddəs qanı qarşısında, dövlətimizin üzləşdiyi ikili standartlar qarşısında məhz belə də davranmalıdır. Digər soydaşlarımızı da həmrəy olmağa, analoji mövqe sərgiləməyə çağırıram! Yaşasın bütöv və qüdrətli Azərbaycan!”.
Vətəninfo.az