Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin məhkəmə sisteminin əsasən keçmiş elitanın maraq və mənafelərini qoruduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə avqustun 24-də Ermənistan parlamentində çıxışı zamanı danışıb. O, çevrilişin qarşıdan gələn 5-ci ildönümü ilə bağlı proqramı təqdim edərkən korrupsiya ilə mübarizə və məhkəmə sistemində islahatların vacibliyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, vəzifədə olan hər bir şəxs – hökumət üzvü, deputat, icma rəhbəri və ya müəssisə direktoru – korrupsiya ilə bağlı təzyiqlərlə üzləşə bilər. Paşinyan bildirib ki, qanunsuz fəaliyyətə yol verən şəxslər əldə etdikləri əmlakın özlərinin və ya ailə üzvlərinin mülkiyyətində qala bilməyəcəyini anlamalıdırlar.
O qeyd edib ki, son illərdə hökumət məhkəmə sisteminin islahatı və institusional inkişaf istiqamətində ciddi səylər göstərib. Paşinyan bəzi proseslərin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının gələcəkdə korrupsiya və digər cinayətlərin üzə çıxarılacağına və təqsirkarların cəzalandırılacağına ümid yaratdığını deyib.
Bununla belə, baş nazir məhkəmə sisteminin fəaliyyətini bu proses üçün əsas risklərdən biri hesab etdiyini bildirib.
“Ermənistanın məhkəmə sistemi əsasən elitaların, xüsusən də keçmiş elitaların maraq və qayğılarının qoruyucusu olaraq qalır”, – Paşinyan deyib.


























