Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqust ayının 19-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.