Tverdə qəzaya uğrayan Embraer təyyarəsində olan bütün vətəndaşların cəsədlərinin tapıldığı barədə məlumat vermişdik. Xatırladaq ki, ölənlər arasında “Vaqner” RMC-nin yaradıcısı Yevgeni Priqojinin də adı hallanır.
“İnterfaks” xəbər verir ki, qəza yerində 10 nəfərin qalıqları tapılıb: yeddi sərnişin və üç ekipaj üzvü.
Fövqəladə hallar xidmətləri nümayəndəsinin sözlərinə görə, Moskvadan Sankt-Peterburqa uçan “Embraer” şəxsi biznes təyyarəsi Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.
Öz növbəsində İstintaq Komitəsi “Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi açıb.
“Rosaviya”nın məlumatına görə, təyyarə “MNT-Aero” şirkətinə məxsus olub. Hadisənin baş vermə şəraitini və səbəblərini öyrənmək üçün idarədə komissiya yaradılıb.
Bundan əlavə, Rosavia qəzaya uğrayan Embraer təyyarəsinin sərnişinlərinin adlarını dərc edib. Siyahıya əsasən, təyyarədə olan sərnişinlər arasında Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valey Çekalov, Dmitri Utkin, Nikolay Matuseyev, Yevgeni Priqojin olub. Ekipaj üzvlərinin adları komandir Aleksey Levşi, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopovadır.