Bu il Xankəndidəki Qarabağ Universitetinə qəbul olunacaq tələbələri sürpriz gözləyir.
Belə ki, hər bir tələbənin ilk il olduğu üçün universitet adından kompüterlə təmin olunması planlaşdırılır.
Vətəninfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, tədris proqramları elə formalaşdırılıb ki, hər bir tələbənin kompüteri olmalıdır və bunu ilk ildə dövlət qarşılayacaq:
“Qarabağ Universiteti hər bir azərbaycanlı və hər bir azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan bir layihədir. Texniki və menecment baxımından biz təxminən 10 ay ərzində ali təhsil müəssisəsi qurmaqdan danışırıq. Bu müddət ərzində ali təhsil müəssisəsi qurmaq özü özlüyündə çox ambisiyalı bir məqsəddir. Ümidvaram ki, bunun öhdəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir və plandan geri qalmırıq. Bir neçə istiqamətdə iş aparılır. Əsas istiqamət infrastrukturun müvafiq hazırlıq səviyyəsinə gətirib çıxarılmasıdır. Orada tədris və yataqxana binaları müəyyən edilib. Həmçinin tələbələrin asudə vaxtlarını düzgün şəkildə keçirmələri üçün də işlər görürük”.
Emin Əmrullayev bildirib ki, gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm yönümlü ixtisasları Şuşada tədris olunacaq.
“İstəyirik ki, gənclərimiz Qarabağ Universitetinin mənəvi elementini anlasınlar. Həmçinin keyfiyyətli təhsil üçün ən yüksək nəticə göstərən tələbələri qəbul edək. İlkin olaraq 6 fakültə üzrə qəbul aparılması planlaşdırılır. Bunlar pedaqogika, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, turizm və incəsənətdir”.
Emin Əmrullayev onu da qeyd edib ki, bütün tələbələr üçün Qarabağ Universitetində təhsil ödənişsiz olacaq:
“Tələbələr üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Dövlət təqaüdü ilə yanaşı, yüksək bal toplamış tələbələrə əlavə təqaüd də veriləcək. Növbəti illərdə hər il 1500-2000 tələbəni qəbul etməklə yaxın 3-4 il ərzində tələbə sayını 5000-ə qaldırmağı düşünürük. Bütün qüvvələrimizi səfərbər etməklə Qarabağ Universitetini qısa zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirmək niyyətindəyik”.