“Müharibə görmüş adam sanki bir kitabdır, həqiqi tarixə şahidlik edir. Biz məcburi köçkün düşən valideynlərimizin qucağında doğma yurdu tərk edən uşaqlar idik. Vətənsizliyin, köçkünlüyün ağrı-acısını hələ uşaq ikən yaşayanların həyatı başqalarından fərqli olur… Bu gün isə artıq əlimizdə silah, tank üstündə düşmən üzərinə gedən, otuz il işğal altında qalan torpaqlarımızı yağıdan təmizləyən döyüşçülərik”.
Veteninfo.az xəbər verir ki, bu sözləri Vətən müharibəsinin iştirakçısı, gizir Elxan Məmmədov deyib.
O, 1993-cü ildə Ağdam şəhərində anadan olub. 2011-ci ildən hərbi xidmətdədir.
Cəsur döyüşçü ötən il sentyabrın 27-də Azərbaycan Milli Ordusunun düşmən təxribatının qarşısını almaq üçün əks-həmlə əməliyyatına keçməsini belə xatırlayır: “Həmin gün səhər əvvəlcə Murovun “Camışdağ” adlanan zirvəsində yerləşən və təxribata əl atan düşmənin mövqelərinə aviasiya zərbəsi endirildi. Kəşfiyyat bölüyü yüksəkliyə doğru hərəkət etdi. Hava dumanlı-çiskinli olduğundan ermənilər onlara yaxınlaşdığımızı görmürdülər. Lakin hərəkət istiqamətimizə doğru pulemyotlardan və digər silahlardan atəş açırdılar. Komandirimiz Yaşar Bağırovun rəhbərliyi ilə elə mövqe seçmişdik ki, ermənilərin atdığı mərmilər başımızın üstündən keçirdi. Düşmən postunun bir neçə metrliyində mövqe tutmuşduq. Üç gün səngərdə qaldıq və ağır döyüşlərimiz oldu. Sonra komandanlığın əmri ilə hərəkət istiqamətimizi dəyişdik. Hər tərəf minalanmışdı. Yalnız kəşfiyyat qrupunun əzmkarlığı və şəxsi heyətin yüksək döyüş hazırlığı sayəsində 330 metr yüksəklikdə yerləşəm “Camışdağ” zirvəsini aşmaq mümkün oldu. Düşməni təqib edərək və bir şəhid də vermədən həmin zirvəni aşmaq böyük hünər tələb edirdi və biz bunu bacardıq”.
Hərbçilər zirvəni fəth etsələr də, düşmənin ağır artilleriya atəşi ilə üzləşiblər. Düşmən çox güclü müqavimət göstərib. Ermənilərin mərmi və güllə yağışı altında mövqe dəyişmək üçün əsgərlərin bir hissəsi “KamAZ” markalı maşınlara minsə də, bir hissəsi Buzluq adlanan əraziyə piyada getməli olub.
Sentyabrın 30-da Füzuli istiqamətində ağır döyüşlərə giriblər. Lələtəpə qarşısındakı düşmən mövqelərini ələ keçirdikdən sonra hərbçilər irəliləməyə başlayıblar.
Elxan həmin əməliyyatları yada salır: ”Gecə maşınların işıqlarını söndürüb Cəbrayıl istiqamətində hərəkət edirdik. Geri çəkilən düşmən pusquda dayandığı yerdən qəfildən atəş açmağa başladı. Şiddətli döyüş başladı. Həmin əməliyyatda döyüşçü yoldaşlarımızdan bir neçəsi, o cümlədən gizir Ramil Musayev qəhrəmancasına şəhid oldu. Sayca çox olmasına baxmayaraq, ermənilər ağır itki verərək qaçırdılar. Qarşıda aşağı tərəfi dərə və seyrək meşəlik olan ərazidə onların texnika gizlətdiyini gördük. İstehkamçı gizir Rüstəm Əliyevlə birlikdə həmin əraziyə yaxınlaşdıq. Ermənilər döyüş texnikasını, avtomaşınları qoyub qaçmışdılar. Bu, bizim ilk hərbi qənimətimiz idi. “Ural” markalı hərbi maşın, müxtəlif çaplı pulemyotlar, minaatan və hətta bizim tanımadığımız silahlar var idi…”.
İgid gizir Cəbrayıl şəhərinin girişində yerləşən erməni hərbi hissəsinə hücum əməliyyatında da iştirak edib. Elxan deyir: “Hərbi hissənin qarşısındakı dərədə mövqe tutub gecəni orada qaldıq. Düşmən bizi pulemyot və tanklardan atəşə tuturdu. Hərbi hissəyə dərə yatağından hərəkət edərək girməli idik. 3035 nəfərdən ibarət bölməmiz sayı 300-dən çox olan erməni dəstəsinə qarşı rəşadətlə vuruşdu. Şəhid və yaralılarımız oldu, mühasirəyə düşənlər də vardı. Daxili Qoşunların zabiti, baş leytenant Kamran Kazımov şəhid oldu. Onu xilas edə bilmədiyimə görə heç cür özümü bağışlaya bilmirəm…”.
Əslində Elxan özü də həmin şiddətli döyüşdən möcüzə nəticəsində sağ çıxıb. O, qumbaraatan mərmisindən yaralanıb. Partlayış dalğası onu elə bir istiqamətə atıb ki, ayılanda yaxınlığında heç kim olmayıb. Qolundan və hər iki ayağından qəlpə yarası alıb, gözləri tutulub, qulaq pərdəsi partlayıb. Taqəti olmadığından elə oradaca şəhid düşəcəyini güman etdiyi bir vaxtda gizir yoldaşı Qismət Əliyev özünü ona yetirib, tabeliyində olan əsgər Sabir Cəfərli də köməyə gəlib. “Məni xilas etməyin mümkün olmayacağını görüb onlardan uzaqlaşmağı xahiş etdim. Təxliyənin ora gəlib çıxmağı çətin idi. Əsir düşməmək üçün üzərimdəki qumbaranı partladacaqdım…”, – deyə Elxan həmin müdhiş anları xatırlayır. Lakin döyüş yoldaşları çox böyük çətinliklə olsa da, atəş altından çıxararaq təhlükəsiz yerə və oradan da tibbi heyətə çatdırmağa nail olublar.
“Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan Elxan Məmmədov deyir: “Müharibədə iştirak etməyən, lakin ürəyi bizimlə olan hər kəsin Qələbəni necə və hansı zəhmət hesabına əldə etməyimizi bilməyini çox istəyirəm”.
azertac.az