image-8kkjpg-1677915406backend

Qənirə Paşayeva MANAS Universitetinin rektoru ilə görüşüb

image-reklam_sirab_01

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qırğızıstan – Türkiyə MANAS Universitetin rektor vəkili Prof.Dr. Asılbek Qulmırzayevlə görüşüb.

Rektor vəkili Q.Paşayeva və onunla birgə universitetə təşrif buyurmuş Azərbaycan nümayəndə heyətini salamlayıb, universitet haqqında bilgi verib. Rektor vəkili MANAS Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığından danışıb, əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə toxunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafına, MANAS Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılmasının vacibliyinə xüsusi vurğu edib.

Komitə sədri Azərbaycan həqiqətləri haqqında, 44 günlük Vətən müharibəsi haqqında rektor vəkilinə ətraflı bilgi verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın, o cümlədən əziz Şuşa şəhərinin tarixi Zəfərlə azad edildiyini bildirib. Q.Paşayeva işğaldan azad edilən şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu, tarixi-mədəni və dini abidələrin dağıdıldığını diqqətə çatdırıb. “Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilib və yenicə başa çatmış 2022-ci təqvim ili Azərbaycanda “Şuşa İli”ydi. Bu il isə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyır, cari təqvim ili isə Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub. Hər iki gözəl hadisə ilə bağlı MM Mədəniyyət Komitəsi də bir sıra təşəbbüs və təkliflərə malikdir. Hesab edirəm ki, MANAS Universitetində “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan”, “Qarabağ hekayələri” kitablarının təqdimatı və geniş müzakirələri, Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə bağlı keçirilən tədbirlər, rəsmi görüşlər də Şuşanın Türk dünyasının Mədəniyyət paytaxtı statusuna, “Heydər Əliyev İli”ndə keçiriləcək tədbirlərə gözəl bir başlanğıcdır. İnşallah növbəti görüşləri Bakıda, Şuşada və Azərbaycanın, qardaş ölkələrin digər gözəl şəhərlərində görüşəcəyik”. – Komitə sədri deyib.

Q.Paşayeva bildirib ki, Azərbaycan yazıçılarının, şairlərinin, alimlərinin əsərlərinin Qırğızıstanda, qırğız yazarlarının yaradıcılıq örnəklərinin də Azərbaycanda yayınlanması, nəşr olunan kitabların mərkəzi və aparıcı kitabxanalara, o cümlədən ali təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilməsi çox məqsədəuyğun addımdır.

“Bizim Bişkekdə keçirdiyimiz görüşlər, gələcəyəyönəlik planlar barədə müzakirələr qardaş ölkələrimiz arasında əlaqələrin, o cümlədən mədəni əməkdaşlığın daha da inkişafına xidmət edir” – Q.Paşayeva sözünə əlavə edib.

Görüşdə MM üzvləri Cavanşir Feyziyev, Əli Məsimli, Müşfiq Məmmədli, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki