image-1backend

Rasmussen hələ də NATO baş katibi olsaydı…

image-reklam_sirab_01
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenə nə oldusa Şimali Atlantika Blokundakı yüksək vəzifəsini tərk etdikdən sonra oldu. Rasmussen hazırda Ermənistanın qatı tərəfdarına çevrilib, Yerevana səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verib, məqalələr yazıb, ölkəmizi “etnik təmizləmədə” ittiham edib. O bu “mövqeyini” indi də davam etdirir. Halbuki, Rasmussen NATO baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdırır, bizə minnətdarlığını bildirirdi.
Anders Foq Rasmussen 2012-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşdən sonra ölkəmizi NATO-nun mühüm tərəfdaşı adlandırmışdı. Münasibətlərin sabit və müsbət olaraq inkişaf etdiyini bildirən Rasmussen Azərbaycan hərbçilərinin Əfqanıstandakı xidmətini yüksək qiymətləndirmişdi. “Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk” deyən Rasmussen Azərbaycanın bu prosesdə iştirakını Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdı. Rasmussen o zaman bu dəstəyə görə, Ermənistana deyil, məhz Azərbaycana minnətdarlığını bildirirdi.
Bundan iki il sonra İlham Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında Rasmussenlə görüşdü. Rasmussen Azərbaycanla əməkdaşlıqdan yenə ağız dolusu danışdı. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən keçmiş baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu dedi, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.
NATO-nun hazırki baş katibi Yens Stoltenberq də rəhbəri olduğu təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib, Bakıda müsbət fikirlər söyləyib. İnanmaq istərdik ki, o da vəzifəsindən ayrılan kimi Rasmussen kimi erməni lobbisinin təsiri altına düşməyəcək. Rasmussen isə keçmişdə rəhbəri olduğu quruma hörmətsizlik nümayiş etdirir. NATO rəsmiləri və NATO Parlament Assambleyası bütün açıqlama və yazılı bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər. İndi isə belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Qarabağ üzərindəki suverenliyini bərpa etməsi NATO-nun keçmiş baş katibinin xoşuna gəlməyib. Bunun özü ikili standartlardır. NATO-nun hazırki baş katibi Yens Stoltenberqin mövcud vəziyyətlə bağlı Azərbaycana heç bir iradı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü Rasmussenin NATO-ya baş katibliyi dövründə təmin etsəydi, onun da ölkəmizə qarşı iradı olmayacaqdı.
“Atlas” Araşdırmalar Mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki