image-ffbackend

Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyidir

image-reklam_sirab_01

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verərək, Azərbaycan – Fransa münasibərləri, bu münasibətlərin gələcək perspektivləri və digər sualları cavablandırılmışdır.
Cənab Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunda tutduğu mandatına tamamilə zidd olaraq ermənipərəst mövqe tutan Fransanın “France-24” televiziya kanalına müsahibə verməsi həm fransız auditoriyası ilə birbaşa təmasda olmaq, həm də Fransanın Ermənistana bu qədər yaxın olduğu faktı nəzərə alınmaqla Ermənistana verilən mesajların birbaşa çatdırılması baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir. Müsahibə ərzində dövlət başçımız bir daha fikrimizi və mövqeyimizi aydın şəkildə ortaya qoydu ki, müharibə bitib, münaqişə öz həllini tapıb, Azərbaycan gələcəyə baxır, çünki dəfələrlə Ermənistanla dialoqa başlamağa hazır olduğumuzu ifadə etmişik.
Cənab Prezident dəfələrlə çıxışlarında, “France-24” kanalına müsahibədən az əvvəl Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində də ATƏT-in Minsk Qrupunun bir siyasi təsisat kimi fəaliyyət dairəsinin gələcəkdə status kimi məsələləri gündəliyə gətirməsindən yox, iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin, etimad tədbirlərinin yaradılması və bunun daha da möhkəmləndirilməsindən ibarət olmasının yol xəritəsini də aydın göstərmişdi. Bu gün Ermənistanın bəzi dairələrində revanşizm meyillərini görürük. Bu baxımdan da ölkə başçımız fransız kanalı vasitəsilə bildirdi ki, Azərbaycanın yeni təhlükə görəcəyi təqdirdə, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik bəyanatı Ermənistanın bu revanşist meyillərinə qarşı qaldırılmış fikirlərdir. Bu bir növ Ermənistanın qırmızı xəttinin haradan keçdiyinin göstərilməsi idi. Azərbaycan müharibə istəmir. Təbii ki, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib, indi də etmir. Lakin ölkə başçımızın da ifadə etdiyi kimi digər ölkələrin, xalqların olduğu kimi bizim, gənc və gələcək nəsillərin haqqıdır ki, öz tariximizi bilək. Zaman gələcək biz İrəvana da gedəcəyik və bu bizim təbii, legitim haqqımızdır. Yəni, nə Ermənistan, nə Fransa, nə də bir digər dövlət düşünməsin ki, biz tariximizi unutmuşuq.
Azərbaycana qarşı olan təzyiqlərin, ya da iradların biri də 62 diversantla bağlı idi ki, bu məsələ ətrafında hələ də narahatlığın ifadə olunması fonunda ölkə başçımız açıq şəkildə bildirdi ki, heç bir beynəlxalq konvensiya hərbi əməliyyatların getmədiyi zaman çərçivəsində tutulan bu və ya digər insanı hərbi əsir kimi xarakterizə etmir: “Onlar da müharibə bitdikdən 16 gün sonra aşkar edildiklərindən məhz təxribat dəstəsinin üzvləridirlər. “Dağlıq Qarabağ” terminin, onun statusunun məqsədli şəkildə gündəlikdə saxlanılmasına gəldikdə isə Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Bu məsələni cənab Prezident yüksək BMT kürsüsündən də bütün dünyaya çatdırdı. İndi Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Deməli, status da yoxdur. Belə canfəşanlıq edirlərsə getsinlər öz ölkələlərində istədikləri yerdə, nöqtədə ermənilərə status versinlər.
Muxtariyyət məsələsi də Azərbaycanın gündəliyində mövcud deyil. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, muxtariyyətin verilməsi belə artıq müzakirə mövzusu deyil. Müsahibə zamanı aydınlığa qovuşdurulan bir digər məsələ “Sərhədsiz reportyorlar” QHT təşkilatı ilə bağlı idi ki, onların hesabatları tamamilə qərəzli və ədalətsiz olduğu üçün Azərbaycan cəmiyyəti üçün heç bir məna kəsb etmir. Bu baxımdan da əldə hər hansı bir dəlil, sübut olmadan Azərbaycana qara yaxmaq məqsədilə qaldırılan bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir. Hər hansı bir ölkənin hüdudları çərçivəsində baş verən qanunsuz hadisələri araşdırmaq məsuliyyəti Azərbaycanın yox, o hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarının işidir. Bu faktı da ölkə başçımız çəkinmədən elə fransız kanalı vasitəsilə öz diqqətlərinə çatdırdı ki, olmayan, sübutsuz hadisələrlə Azərbaycanın üzərinə gəlməyə heç kimə aman verməyəcəyik. Həm də o sətiraltı mesaj da verildi ki, hər zaman Azərbaycanda əsassız şəkildə bu və ya digər istiqamətdə boşluqların olduğunu dilə gətirmədən öncə öz ölkənizdə mövcud olan boşluqlara fokus olun.
Müsahibənin ən əsas yeri Azərbaycanın Fransa dövləti ilə bağlı mövqeyi açıq şəkildə, bilavasitə məhz elə bu ölkənin kanalı vasitəsilə bildirildi: Azərbaycan Fransa ilə münasibətlərini uğurla qurub. Heydər Əliyev Fondu Fransada tarixi abidələrin restavrasiyası ilə bağlı nəzərəçarpan işlər həyata keçirib. Bir real fakt da var ki, hər bir dövlət xarici siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirərkən, digər bir dövlətlə ikitərəfli ya da çoxtərəfli zəmində münasibətlər qurarkən hansısa bir dövlətə, dövlətlərə daha yaxın ola bilər.
Müsahibəsində cənab Prezident İlham bildirdi ki, əgər Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidirsə obyektiv və qərəzdən uzaq mövqe nümayiş etdirməli idi. Lakin bitərəf yox, birtərəfli mövqe ilə Ermənistanın tərəfini tutdu, hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi.
Azərbaycan Fransa ilə Ermənistanın tarixi əlaqələrini, Fransada fəal erməni icmasının olmasını və onların qərar qəbul edən şəxslərə mümkün təsirini gözəl bilir. Bununla belə, ölkə başçımız onu da geniş auditoriyanın diqqətinə çatdırdı ki, Azərbaycan Parisdən gələcək Fransa-Azərbaycan münasibətləri ilə bağlı müsbət siqnallar alıb və onlara da müsbət cavab verib. Fransa dünyada aparıcı dövlətlərdən biridir və Azərbaycan bu dövlətlə münasibətlərinin normal olmasını istəyir. Bu gün yaranmış reallığa isə realist yanaşma ortaya qoyulmalıdır. Azərbaycanın xoşagəlməz hadisələrdən sui-istifadə etməməklə səhifəni müsbət istiqamətdə çevirməyə hazır olduğu ifadə edildi. Fransa da, Ermənistan da neqativ meyillərlə çıxış etməli deyil, regionda sülh, sabitlik və təhlükəsizlikdə maraqlı olmalıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki