Aİ Şurası üzv ölkələrin Xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirdikləri iclas zamanı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən 15-ci paketin rəsmi olaraq qəbul edildiyini açıqlayıb. İqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərdən ibarət olan sanksiya paketi Rusiyanın hərbi gücünü zəiflətməyi hədəfləyir. Bundan əlavə, Ukraynanın suverenliyini təhdid edən 54 şəxs və 30 hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.
Sanksiyalar Rusiyaya pilotsuz uçuş aparatları və mikroelektron komponentlər tədarük edən Çinli şəxslərə də tətbiq olunacaq. Eyni zamanda 52 gəminin dəniz yolu ilə hərəkətinə qadağa qoyulacaq.
Aİ Avropa şirkətlərini Rus firmaları ilə bağlı məhkəmə işlərində qorumaq üçün də addım atıb. Rus məhkəmələri tərəfindən verilən qərarların burada tanınması və ya icra olunması qadağan edilib.
Qərb ölkələrinin sanksiyalarına cavab olaraq Rusiyanın neft və digər malları gizli şəkildə daşımaq üçün yararsız və köhnəlmiş tankerlərdən ibarət gizli bir kölgə donanması qurduğu iddia edilir. Aİ bu donanmaya qarşı tədbirlər görməyə çalışır. Müharibə səbəbilə Rusiyaya qarşı ticarət, maliyyə, neft və kömür də daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, iki təyinatlı və dəbdəbəli məhsullar, eləcə də qızıl və almaz kimi genişmiqyaslı məhdudiyyətlər tətbiq edilir.