image-332881091_929946325104422_4541540015892307678_nbackend

Rza şahın əlindən qaçan şahzadə 

image-reklam_sirab_01

Misir şahzadəsi və İranın şahının gələcək arvadı Fövziyyə Fuad 1921-ci il noyabrın 5-də İsgəndəriyyədə doğuldu. O, Misirin Osmanlı dövlətindən faktiki müstəqilliyinin əsasını qoymuş Məhəmməd Əlinin nəslindən idi. Atası I Fuad Misir sultanı idi, Fövziyyənin doğumundan 4 ay sonra kral titulunu qəbul etdi. Sülalə alban, türk, çərkəz kökənli idi. Fövziyyənin anası Nazlı Səbri isə ata tərəfdən İslamı qəbul etmiş fransız Jozef Sevenin (Süleyman paşa Faransavi), ana tərəfdən də türk kökənli Məhəmməd Şərif paşanın soyundan gəlirdi.

İlkin təhsilini elə sarayda dayələrindən və müəllimlərindən alan Fövziyyə daha sonra İsveçrədə oxuyur. 15 yaşı olanda atası vəfat edir və taxta qardaşı Faruq çıxır. Bir müddət sonra isə onu İran taxt-tacının vəliəhdi Məhəmməd Rza ilə nişanlayırlar. O vaxta qədər gənclər bir-birlərini bir dəfə İsveçrədə görmüşdülər.

1925-ci ildə Qacar sülaləsini devirib hakimiyyətə gələn Rza şah Pəhləvi heç də aristokratik şəcərəyə malik deyildi. Bununla bağlı kompleks hiss edən şah öz oğluna köklü hökmdar sülaləsindən qız almaq istəyirdi. Buna görə üzünü Misirə tutdu və müəyyən tərəddüdlərdən sonra “həri” aldı. Maraqlıdır ki, qızın sünni, bəyin isə şiə olması da bu işə mane olmadı.

Həmin dövrdə Misir İrandan xeyli modern dövlət idi. Rza şahın ölkəsini modernləşdirmək, eləcə də qadınların emansipasiyası yolunda gördüyü tədbirlərə baxmayaraq, vəziyyət çox dəyişməmişdi. Buna görə də Qahirəni Tehrana dəyişmək perspektivi Fövziyyənin ürəyincə deyildi, amma onun fikrini soruşan olmadı.

Birinci toy (bizim təbirimizcə desək, qız toyu) 1939-cu il martın 15-də Qahirədəki Abdin sarayında baş tutdu. İran ordusu zabitinin sadə formasında olan şahzadə Məhəmməd Rza Misir sarayında hökm sürən cah-cəlaldan xeyli şoka düşdü. Bal ayını elə Misir ərazisində səyahət edərək keçirən gənc cütlük daha sonra gəlinin anasının da müşayiəti ilə İrana yola düşdü.

Burada Misir səfirliyində də ziyafət verildi, daha sonra isə Tehranın Mərmər sarayında toy oldu. Şahzadənin evlənməsi münasibətilə İranda amnistiya verildi, ehtiyacı olanlara azuqə paylanıldı, şəhər stadionunda isə şənlik keçirildi – akrobatlar, zorxana ustaları çıxış etdilər.

İran konstitusiyasına görə, taxt-tac vəliəhdinin anasını mütləq iranlı olmalı idi. Deməli, Fövziyyənin oğlu olardısa, gələcəkdə şah olmaq hüququ olmayacaqdı. Amma Rza şahın əlində çoxdan oyuncağa çevrilən Məclis Fövziyyəyə nəinki dərhal İran vətəndaşlığı verdi, hətta onu iranlı elan etdi. Amma bu addım bihudə idi, Fövziyyənin oğlu olmadı. Onun və Məhəmməd Rzanın yeganə övladı 1940-cı ilin payızında doğulan və Şahnaz adı verilən qız oldu.

***

İlk dövrdə Fövziyyənin əri, eləcə də böyük baldızı Şəmslə münasibətləri normal idi (hərçənd ərini sevdiyini demək olmaz). Əvəzində kiçik baldızı Əşrəflə, xüsusən də qayınanası Tacülmülklə dil tapa bilmir. Soldafon qayınatasını da heç sevmirdi. Üstəlik, İran sarayı həmin dövrdə Misir sarayından xeyli sönük idi. Məsələn, Qahirə sarayında gündəlik təam olan fransız yeməklərinin adını Tehran sarayında heç eşitməmişdilər.

1941-ci ildə sovetlər və ingilislər İrana qoşun salaraq Rza şahı devirdilər. Respublika elan etmək, Qacar sülaləsini bərpa etmək və s. versiyalar üzərində düşünüləndən sonra elə Pəhləvi sülaləsini davam etdirmək qərara alındı və Məhəmməd Rza taxta çıxdı, Fövziyyə isə şah arvadı oldu.

Onun İranda yaşadığı problemlərə tezliklə ərinin xəyanətləri də əlavə oldu. O, tez-tez depressiyaya düşür, həkimlərə müraciət edirdi. 1942-ci ildə şəkli “Life” jurnalının üz qabığında yer alan və gözəlliyinə görə Vivyen Li ilə müqayisə olunan imperatriçə çox bədbəxt idi. Nəhayət, 1945-ci ildə Misirə getdi və burada məhkəməyə müraciət edərək boşandı.

İran və Məhəmməd Rza şah üç il bu boşanmanı tanımadı, Fövziyyəni ölkəyə qaytarmaq üçün çalışdılar. Amma mümkün olmadığını gördükdə, 1948-ci ildə faktı qəbul etməli oldular. Razılığın əsas şərti cütlüyün yeganə övladı Şahnazın İranda qalacağı idi.

Boşanma haqqında mətni şah özü radioda oxudu: “Üç il əvvəl kraliça Fövziyyə səhhəti üzündən İranı tərk etdi, bu yaxınlarda isə boşanmaq üçün müraciət edib, çünki Tehranda yaşamaq ülyahəzrətin səhhəti üçün zərərlidir. Bu xahiş əsasında mən, İran şahı Məhəmməd Rza Pəhləvi arvadım Fövziyyə ilə boşandığımızı elan edirik… İran və Misir arasındakı münasibətlərbu boşanmadan zərər görməyəcək, əksinə bəlkə daha da möhkəmlənəcək”.

***

Şah ilə boşanmanın rəsmiləşməsindən cəmi bir neçə ay sonra Fövziyyə ikinci dəfə ailə qurdu. Bu dəfə özünün sevib-seçdiyi İsmayıl Şirinin də kökü hakim sülaləyə gedirdi və uzaq qohum idilər. Cütlüyün 1950-ci ildə Nadiyə adlı qızları, 1955-ci ildə isə Hüseyn adlı oğulları oldu.

1952-ci ildə Misirdə “Azad zabitlər” təşkilatının təşkil etdiyi hərbi çevriliş nəticəsində kral Faruq devrildi, onun 6 aylıq oğlu Fuad taxta çıxarıldı, amma 1953-cü il iyunun 18-də Misir respublika elan edildi, monarxiya ləğv olundu.

Yaxın Şərqdə baş verən bir çox çevrilişlərdən fərqli olaraq, Misir çevrilişi qansız baş verdi. Kral özü ölkədən qovulsa da, bu addım sülalənin digər üzvlərinə şamil edilmədi. Fövziyyə və əri də Misirdə yaşamağa davam etdilər. Doğrudur, Camal Əbdül Nasirin dövrü bir qədər həyəcanlı idi, nəzarət altında saxlanılırdılar, amma onun ölümündən sonra 1970-ci ildə prezident olan Ənvər Sadat ailəni daha narahat etmədi.

İsmayıl Şirin 1994-cü ildə vəfat edənə qədər Föziyyə onunla xoşbəxt yaşadı. Misirin keçmiş şahzadəsi və İranın keçmiş kraliçası isə 2013-cü il iyulun 2-də İsgəndəriyyədə 91 yaşında vəfat etdi.

***

Fövziyyənin və Məhəmməd Rza şahın yeganə qızları Şahnaz 1957-ci ildə Ərdəşir Zahidi ilə ailə qurdu. Qayınatası Fəzlullah Zahidi 1953-cü ildə Müsəddiqin devrilməsində əsas rol oynayan hərbçi idi və bundan sonra 1955-ci ilə qədər baş nazir olmuşdu. Ərdəşir özü isə 1960-1962-ci illərdə İranın ABŞ-da səfiri oldu. Mahnaz adlı qızın dünyaya gəldiyi bu evlilik 7 il davam etdi və 1964-cü ildə sona çatdı.

Şahzadə ikinci dəfə Qacar sülaləsindən olan, general Əmənullah Cahanbaninin oğlu Xosrov Cahanbani ilə 1971-ci ildə evləndi. Həmin il onların Keyxosrov adlı oğulları oldu. 1973-cü ildə dünyaya gələn qızına anası Fövziyyənin adını verdi. Bu məqalənin digər personajlarından fərqli olaraq, Xosrov siyasətçi və ya hərbçi deyildi, sənət adamı, rəssam idi. Deyilənlərə görə, Məhəmməd Rza şah qızının bu addımından heç məmnun deyildi.

İran İslam inqilabından sonra cütlük İsveçrədə yaşadı. Xosrov 2014-cü ildə Lozannada xərçəngdən vəfat etdi. Şahzadə Şahnaz isə hələ həyatdadır, həm İsveçrə, həm də anasına görə Misir vətəndaşlığı var.

Yazar: Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki