image-1626687676_218844629_10225047549631829_6889393395954953102_nbackend

“Şarl Mişel bununla demək istədi ki, Brüsseli Bakı ilə digər əməkdaşlıq telləri bağlayır…”

image-reklam_sirab_01

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bölgəyə səfəri başa çatdı. Şarl Mişelin Ermənistana səfəri və orada verdiyi açıqlamalar Azərbaycanda detallı şəkildə müzakirə olundu. Şarl Mişelin bölgəyə səfərindən öncə xəbər yayıldı ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avroluq yardım paketi ayrıacaq. Avropa İttifaqının Azərbaycana ayıracağı yardım paketi 150 milyon avrodur.

Görünür, Brüsseldə hesab ediblər ki, müharibədən sonra əldən düşən Ermənistanın daha çox yardıma və maliyyə dəstəyinə ehtiyacı var, Azərbaycanın isə kifayət qədər maliyyə resursları olduğundan Bakıya xüsusi yardım paketinin ayrılmasına ehtiyac yoxdur. Halbuki, Brüsselə də bəllidir ki, Ermənistanın 30 il ərzində dağıtdığı ərazilərin bərpasına və yenidən qurulmasına ehtiyac var və Avropa İttifaqının bərpa çalışmalarına yardım paketi ayırlması Azərbaycanın maraqlarına uyğun  olardı. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Şarl Mişellə görüşdə Avropa İttifaqı Şurasının prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim etdi. Avropa İttifaqı rəsmisinə əyani göstərildi ki, Brüssel əslində Qarabağın yenidən qurulmasına dəstək verməli və bununla Azərbaycanla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırmış olardı. Etmədilər.

Brüsselin “balans” dediyi siyasət Ermənistanın bərpasını üstün tutur. Ancaq Brüssel hələ ki, sadəcə yardım vədi verib, maliyyənin nə qədərinin Ermənistana çatacağı və nə qədərinin Ermənistandakı layihələrə xərclənəcəyi bəlli deyil. Ona qalsa Ermənistandan Avropaya daha yaxın Ukraynaya Brüsselin verdiyi vədlərin böyük hissəsi yerinə yetirilmədi və Ukrayna iqtisadiyyatı əvvəlkitək ağır günlərini yaşayır. Digər tərəfdən Brüssel Rusiyadan asılı olan Ermənistanın iqtisadi və sosial problemlərini həll etməklə hansı geosiyasi vəzifəsini yerinə yetirəcək ki? Ermənistan iqtisadiyyatı tamamən Rusiyaya bağlıdır. Brüssel bu bağlılığı öz xeyrinə dəyişə bilməyəcək. Belə çıxacaq ki, Brüssel Ermənistanın infrastrukturunu ona görə bərpa edəcək ki, Rusiya bu işə çox pul xərcləməsin. Bu isə Rusiya ilə sanksiyalar rejimində olan Avropa İttifaqının konsepsiyasına ziddir.

Şarl Mişelin İrəvanda dəstək vədləri ilə yanaşı Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Fransa prezidentini yenidən İrəvana dəvət etməsi Moskvada xeyli suallar doğurub. Rusiya hakimiyyətinə yaxın qəzet və saytlar “Paşinyan yenidən Qərbə sığınmaqmı istəyir”, “Paşinyan Rusiyanı Fransa ilə dəyişməkmi istəyir” kimi sualları gündəmə gətiriblər. Nikol Paşinyan açıq-aşkar Rusiyanın təkbaşına vasitəçiliyini Fransa ilə paylaşmağa çalışır. Paşinyan düşünür ki, işin içinə Fransa və Avropa İttifaqını qatsa danışıqlarda və Qarabağ məsələsində Ermənistanın maraqları daha çox nəzərə alınacaq. Elə Şarl Mişel də İrəvanda olarkən Qarabağın statusuyla bağlı cümlələr işlətdi. Halbuki, Moskva indiki mərhələdə status məsələsini əhəmiyyətli hesab etmir, diqqəti kommunikasiya xətlərinin açılmasına yönəldib. Paşinyan isə məsələni elə qoyur ki, guya Azərbaycan kommunikasiya xətlərinin açılması əleyhinədir. Paşinyan deyir ki, söhbət tək Zəngəzur dəhlizindən deyil, bütün kommunikasiya xətlərinin açılmasından getməlidir. Paşinyan bununla rəsmi Bakını çətin vəziyyətə saldığını  düşünür. Halbuki, Şarl Mişellə Bakıda birgə mətbuat konfransı keçirən İlham Əliyev  “10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var” deməklə maneənin əsla Azərbaycan olmadığını vurğuladı. Bu açıqlamadan görünür ki, birincisi, Azərbaycan 10 noyabr razılaşmasına əvvəlkitək sadiqdir, ikincisi bölgədə bütün kommunikasiya xətlərinin açılmasının əleyhinə deyil.

İlham Əliyev mətbuat konfransında Avropa İttifaqının Cənubi Qafqazdakı əsas tərəfdaşlardan birinin Azərbaycan olduğunu bir daha xatırlatdı.
Birincisi, Azərbaycanın xarici ölkələrlə ticarətinin 40 faizi Avropa İttifaqı ilə aparılır. Avropa İttifaqına üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Ermənistan bu rəqəmlərlə öyünə bilməz.

İkincisi, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Ayrıca, Bakı ilə Brüssel arasında yekun strateji saziş üzərində çalışmalar davam edir.
Üçüncüsü, Azərbaycan Avropa İttifaqının qaz tədarükçülərindəndir. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

Şarl Mişel cavab nitqində Ermənistanla müqayisədə Avropa İttifaqının Azərbaycana az maliyyə ayırmasını diplomatik cümlə ilə izah etməyə çalışdı: “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil”. Yəni Şarl Mişel bununla demək istədi ki, Brüsseli Bakı ilə digər əməkdaşlıq telləri bağlayır.
Şarl Mişelin Bakıda Qarabağın adını çəkmədən “Azərbaycan və Ermənistanla bağlı vəziyyət” haqqındakı fikirləri də diqqəti çəlb edirdi. İrəvanda “hərbi əsirlər” və “status” barədə danışan Şarl Mişel Bakıda İlham Əliyevə bu sözlərlə təşəkkür etdi: “Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq”.

Şarl Mişel “müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır” cümləsini işlətdikdən sonra Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu vurğuladı. Şarl Mişel sərhədlərin delimitasiyası məsələsində də biz Avropanın ekspert yardımını göstərməyə, hətta lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazır olduğunu bildirdi. “Mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var və hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir” cümləsi isə yumşaq şəkildə Ermənistan hakimiyyətinin narahatlığının Bakıda səsləndirilməsinə xidmət edirdi.

Rəsmi Bakı sərhəd məsələsinin müəyyənləşmısində vasitəçilik təşəbbüslərinin əleyhinədir, bu ikitərəfli əsasda həll olunmalıdır. Çünki “vasitəçilik” təklifləri irəli sürənlərin tamamı Ermənistanın maraqlarını nəzərə almağa həvəslidirlər. Belə “vasitəçilər” bizə lazım deyil.

Avropa İttifaqının bölgə sülhü üçün ən böyük xidməti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yardımı ola bilərdi. Avropa İttifarı Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdığı halda hər iki ölkənin də bir-birlərinin ərazi bütövlüklərini tanımasını təmin etməyə çalışmalıdır. Brüssel bunları etməyəcəksə, Bakı Avropa İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul etməyəcək, əməkdaşlıq ticarət və enerji mövzularından kənara çıxmayacaq. Növbəti “hərbi əsirlər” əvəzinə mina xəritələri razılaşmalarının yerinə yetirilməsi üçün Brüsselin səylərinə ehtiyac yoxdur. Birinci təşəbbüsdən sonra bu məsələlərin həllində də Rusiya ön plana çıxıb.

“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki