image-reklam-veteninfo
image-3-testi-po-slunebackend

Səhiyyə Nazirliyi və Qlobal Fondun birgə layihəsi çərçivəsində İİV üzrə ağız suyundan ekspress testlərin əlçatanlığı artırılır

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Qlobal Fondun birgə layihəsi çərçivəsində İİV-in profilaktikası istiqamətində yeni xidmətlərin əlçatanlığının artırılması üzrə fəaliyyətlər həyata keçirilir.

Layihə çərçivəsində təşkilat tərəfindən İİV-in müəyyənləşdirilməsi üçün ağız suyundan istifadə olunan sürətli ekspress testlər icma nümayəndələrinə təqdim edilməyə başlanıb. Bu testlər ənənəvi qan analizlərindən fərqli olaraq daha sadə üsulla həyata keçirilir və insanın özünü ev şəraitində test etməsinə imkan yaradır.

İİV üzrə test xidmətlərinə müraciət zamanı bəzi insanlar qan götürülməsindən, iynədən və ya test nəticəsinin tibb işçiləri tərəfindən bilinməsindən narahatlıq keçirə bilirlər. Xüsusilə öz İİV statusunu məxfi saxlamaq istəyən şəxslər üçün belə narahatlıqlar testdən keçməyə mane olan amillərdən biri ola bilər.

Ağız suyundan ekspress testlərin əsas üstünlüklərindən biri məhz test prosesinin daha rahat və əlçatan olmasıdır. Şəxs testi özü həyata keçirə, nəticəni qısa müddət ərzində əldə edə və ehtiyac yarandıqda növbəti addımlar barədə qərar verə bilər.

Testin nəticəsi müsbət olduğu halda isə şəxsin əlavə müayinə və təsdiqləyici test üçün tibb müəssisəsinə müraciət etməsi vacibdir. Bu mərhələdə şəxs anonimlik və məxfilik prinsiplərini nəzərə alaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müstəqil şəkildə müraciət edə bilər.

Təşkilat tərəfindən təqdim olunan ekspress testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən ofislərdə mövcuddur. Bununla xidmətlərin daha çox insana çatdırılması və İİV statusunu öyrənmək istəyən şəxslər üçün əlavə imkan yaradılması məqsədi daşıyır.

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi hesab edir ki, İİV profilaktikasında əsas məqsədlərdən biri insanları testdən keçməyə mane olan psixoloji və sosial baryerləri azaltmaqdır. Ağız suyundan istifadə olunan sürətli testlər bu baxımdan mühüm əlavə profilaktik vasitə olmaqla, şəxslərə öz sağlamlıqları barədə vaxtında məlumat əldə etmək üçün daha rahat imkan yaradır.

Təşkilat İİV-in profilaktikası, erkən aşkarlanması və müvafiq tibbi xidmətlərə yönləndirmə istiqamətində fəaliyyətini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Qlobal Fondla əməkdaşlıq çərçivəsində davam etdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki