Avqustun 30-da Şirvan şəhərində şəhid Səttarov Azad Şakir oğlu və Səmədov Mərdan Nəcəf oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
“Cebheinfo.az” xəbər verir ki, bu günün seçilməsi şəhid Səttarov Azad Şakir oğlunun doğum günü ilə əlaqədardır.
Abidənin tikilməsinin təşəbbüskarı olan “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Şirvan şəhər filialının sədri Qazi Aqşin Abdullayev açılış zamanı çıxış edərək bütün qonaqları salamlayıb və abidənin tikilməsində xidməti olan hər bir kəsə, birliyin rəhbəri qazi Firidun Məmmədovun salamını və təşəkkürünü çatdırıb.
O qeyd edib ki, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin bütün filialları belə gözəl tədbirlərin həyata keçirilməsini mütəmadi olaraq təşkil edir.
Artıq bütün rayonlarda şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi ənənəyə çevrilmişdir. Belə gözəl təşəbbüslər gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunu yüksəldir ki, bu da bizim ərazi bütövlüyümüzün təminatıdır.
Tədbirdə iştirak edən şəhid yaxınları və digər qonaqlar da çıxış edərək ürək sözlərini deyiblər.
Sonra birliyin üzvləri olan döyüşçülər şəhidlərimizin evlərini ziyarət edərək onların adına verilən ehsanat məclisində iştirak ediblər.
Abidəsi tikilən şəhidlərin yaxınları bu təşəbbüsün onlar üçün böyük məna kəsb etdiyini və şəhid ailələrinə dövlətimizin xüsusi diqqət və qayğısını tərənnüm etdiyini bildirərək minnətdar olublar.


























