image-5d79b7b8-c346-4eac-b113-a8a2071f7650backend

ŞUŞA BƏYANNAMƏSİNİN TARİXİ MAHİYYƏTİ

image-reklam_sirab_01

 

 

Cənubi Qafqazda yeni reallıq yaradan Şuşa Bəyannaməsi, ilk növbədə, Türkiyə və Azərbaycan dövlətlərinin qüdrətinin, siyasi iradəsinin qarşısında bundan sonra heç bir qüvvənin dayana bilməyəcəyinin ifadəsidir. Bu sənəd 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmizin tarixi nailiyyətini daha da möhkəmləndirir, eyni zamanda, beynəlxalq aləmdə, diplomatiya cəbhəsində dövlətimizin manevr imkanlarını, özünün şərtləri ilə çıxış edən siyasi güc mərkəzi kimi nüfuzunu və çəkisini artırır. Bu tarixi sənəd müharibədə məğlub edilmiş Ermənistanı diplomatiya cəbhəsində də ağır vəziyyətə salır, onun diplomatik danışlıqlarda, beynəlxalq aləmdə manevr imkanlarını, ədalətsiz tələblərini, yersiz ərazi iddialarını, yüz illərlə yaradılmış və erməni cəmiyyətinə sırınmış boş xəyalları birmənalı şəkildə puç edir.

Tarixi Şuşa Bəyannaməsi, ilk növbədə, qüdrətli, dünyada nüfuzlu söz sahibi sayılan Türkiyə Cümhuriyyətinin XX əsrin əvvəllərindəki kimi, bu gün də Azərbaycanın yanında olduğunun rəsmi təsdiqidir. Eyni zamanda, bu sənəd ölkələrimiz arasında indiyə qədər imzalanmış tarixi sənədlərlə öz ruhu, mahiyyəti və daşıdığı missiya baxımından da uyğunluq təşkil edir, siyasi münasibətlərimizdəki varislik prinsiplərinin növbəti və daha parlaq təzahürü kimi qəbul edilir.

Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr hazırda özünün ən yüksək və dinamik inkişaf səviyyəsinə çatmışdır. Bu bənzərsiz əməkdaşlıq əsl qonşuluq və strateji tərəfdaşlıq, səmimi dostluq və qardaşlıq münasibətlərini ifadə edir. Eyni soy-kökə, mədəniyyətə, ortaq tarixə mənsub olan bir millətin iki dövləti dünya siyasətində, diplomatiya cəbhəsində vahid güc mərkəzi kimi çıxış edir, regionda obyektiv şərtləri diqtə edən qüvvə kimi prinsipiallıq və ardıcıllıq, eyni zamanda, tarixi ənənələrə sadiqlik nümayiş etdirir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” vəsiyyəti və müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük siyasət və dövlət xadimi Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” formulu əsasında günbəgün inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətçiliyi tarixində, xüsusilə də müasir dövrdə ölkələrarası münasibətlər sistemində nümunə sayıla bilər. Azərbaycan prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu gün dünyada hər hansı iki dövlət arasında bu səviyyədə münasibətlər mövcud deyildir.

2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxrtibatlarına cavab olaraq başlayan və möhtəşəm zəfərlə başa çatan, 30 illik işğala, ən azı, 200 illik münaqişəyə birmənalı şəklidə son qoyan 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstək münaqişənin həllində mühüm rol oynadı, situasiyanın Azərbaycanın xeyrinə dəyişilməsinə böyük töhfələr verdi. Ağır, ağrılı, taleyüklü, eyni zamanda, şərəf tariximiz olan Vətən müharibəsi günlərində xalqımız qardaş Türkiyənin dəstəyini hər an hiss etdi, bu tərəfdaşlığın yaratdığı qələbə əhval-ruhiyyəsinin fonunda daha da inamla, əzmlə mübarizə apardı.

Müharibədən sonra keçirilən tarixi Zəfər paradında Azərbaycan Prezidenti ilə yanaşı qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirakı, mərkəzi meydanda Türkiyə Silahlı Qüvvələrinin təmsilçilərinin də Azərbaycan Ordusunun əsgər və zabitləri ilə çiyin-çiyinə təntənəli keçidi bütün dünyaya birliyimizin, həmrəyliyimizin, “Bir millət, iki dövlət” tandeminin növbəti və daha səlis, əzəmətli, qüdrətli mesajı idi. Eyni zamanda, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına Türkiyə şirkətlərinin ən geniş planda cəlb edilməsi, quruculuq işlərində qardaş ölkənin hər an yanımızda olması dostlarımıza sevgi və sayğımızın, düşmənə isə əzm və iradəmizin mesajıdır.

15 iyun 2021-ci ildə – müasir Azərbaycanın tarixində xüsusi önəm və rəmzi məna daşıyan Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri çərçivəsində tarixi Şuşa Bəyannaməsinin imzalanmasını isə ölkələrimiz arasındakı münasibətlərin zirvəsi saymaq olar. Tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalanmasının, hər şeydən əvvəl, böyük rəmzi mənası vardır. Bu mənada, 100 il sonra daha parlaq şəkildə təkrarlanan bu şanlı tarixin hər bir anı bizim üçün olduqca qiymətli və müqəddəsdir. Şuşa Bəyannaməsi son yüz ilin ən dünyəvi, ən bəşəri, ən ədalətli bəyannaməsidir. Dünyanın ədalətli siyasətçiləri Azərbaycanın və Türkiyənin birgəlik bəynnaməsini tarixi bəyannamə kimi dəyərləndirir.

Azərbaycanla Türkiyə arasında siyasi sahədə də qibtəediləcək əlaqələr vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə iki qardaş dövlətin başçısı kimi deyil, dostluq, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə dəyərləndirən və yaşadan siyasətçilərdir. Bu iki qardaş dövlətin başçıları bütün beynəlxalq tədbirlərdə, dünyəvi siyasətdə bir-birinə səmimi dəstək olur ki, bunu da dünya dövlətləri artıq bir qanunauyğunluq bilir.

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında möhkəm münasibətləri bir daha təsdiqləyərək, gələcəyimizin üfüqlərini müəyyənləşdirir. Müttəfiqlik haqqında Bəyannamə iki qardaş, dost və qonşu ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu sənəddə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu təminatlı gələcəyə imza atmaq siyasi iradə, cəsarət, beynəlxalq vəziyyəti və geostrateji reallıqları qiymətləndirmək və gələcəyi görmək bacarığı tələb edirdi. Bu tarixi bəyannamənin imzalanması ilə ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu

.

 

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Mübariz Hüseynli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image