image-3-3backend

Tələbələrin istehsalat təcrübəsi onların gələcək əmək fəaliyyətinin mühüm aspektidir

image-reklam_sirab_01

Uzun illərin təcrübəsi göstərir ki, kadr hazırlığı prosesində təhsil alan tələbələrə nəzəri biliklərin istehsalatda tətbiqi vərdişlərinin öyrədilməsi gələcəkdə onların müasir əmək bazarının tələblərinə cavab verə bilən mütəxəssis kimi formalaşmasında olduqca mühüm rol oynayır. Təsadüfi deyil ki, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün ixtisas üzrə təcrübə keçirilməsi haqqında əsasnamədə istehsalat təcrübəsinin təhsil proqramının əsas tərkib hissəsi kimi sayıldığı xüsusi olaraq qeyd olunur.

Universitet tələbələrinin istehsalat, diplomqabağı təcrübələri əksər hallarda respublikamızın müxtəlif  müəssisə, idarə və təşkilatlarında həyata keçirilir. Öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq quran, öz kadr potensialını savadlı, işgüzar mütəxəssislərlə formalaşdırmağa çalışan   müəssisə və təşkilatlar təhsil alan tələbələrin istehsalat təcrübələrinin təşkilinə xüsusi diqqət yetirir, onların təhsil aldıqları dövrdə əldə etdikləri nəzəri bilikləri istehsalatda tətbiq etmələri, gənc mütəxəssislərinin gələcək əmək fəaliyyətinə adaptasiya olunması üçün hər cür şərait yaratmağa çalışırlar ki, belə müəssisələrdən də biri Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu – “Azdövsutəslayihə” institutudur.

Artıq uzun illərdir ki, “Azdövsutəslayihə” institutu ilə respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri, xüsusilə də Azərbaycan Neft Sənayesi və Azərbaycan Memarlıq və İnşaat Universitetləri arasında uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Adı çəkilən universitetlərdə təhsil alan tələbələri özlərinin kadr potensialı hesab edən İnstitutun rəhbərliyi tərəfindən hər il bu universitetlərin tələbələri ümün istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkil edilməsi üçün konkret işlər görülür. Doxsan ilə yaxın bir müddətdə respublikamızda və onun hüdudlarından kənarda tikilən su təsərrüfatı və meliorasiya obyektlərinin layihələrinin hazırlanması istiqamətində yeganə dövlət təşkilatı olan “Azdövsutəslayihə” institutunda gələcəyin elektrotexnika, geologiya, hidrologiya, topoqrafiya, hidrotexnika və digər sahələr üzrə mühəndislərinə təhsil aldıqları dövrdə əldə etdikləri nəzəri bilik  və bacarıqları daha da möhkəmləndirmək,  bu bilik  və bacarıqları istehsalatda tətbiq  etmək və təkminləşdirmək üçün hər cür şərait yaradılır. Elə bu günlərdə İnstitutda Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistr pilləsində təhsil alan bir qrup tələbəsi üçün təşkil edilən istehsalat təcrübəsi dediklərimizin bariz nümunəsidir.

Belə ki, burada təcrübə keçən müddətdə tələbələr təhsil aldıqları ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, müasir iş üsulları, elmi-texniki tədqiqatlarla və digər məsələlərlə tanış edilmiş və onların öz peşələrinə olan meyl və maraqları daha da möhkəmləndirilmişdir. Təcrübə keçən tələbələrin işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişlərinə yiyələnməsi, onların müasir İKT və kompüter texnologiyaları sahəsindəki biliklərinin təkmilləşdirilməsi istiqamətində də institutda müvafiq əməli işlər görülmüşdür. Təcrübə müddətində tələbələrə müxtəlif dövrlərdə institutda layihələndirilən su anbarları, suvarma və kollektor-drenaj şəbəkələri və digər hidrotexniki qurğular haqqında ətraflı elmi-texniki məlumatlar verilmiş, institutun təcrübəli mütəxəssisləri onları layihə-smeta sənədlərinin hazırlanması qaydaları, bu sənədlərin hazırlanmasında müasir İKT-nin rolu, müxtəlif kompüter proqramlarını tətbiqi ilə yaxından tanış etmişlər.

“Azdövsutəslayihə” institutunun yerləşdiyi binada təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin istifadəsi üçün İnstitutla Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin birgə təşkil etdiyi “Eksperimental auditoriya” fəaliyyət göstərir. Ən müasir audio-video aparatlarla və elektron qurğularla, eləcə də respublikamızda meliorasiya və su təsərrüfatı sahəsinin inkişaf tarixinə aid materiallarla təchiz olunmuş bu auditoriyada tələbələr müxtəlif elmi-texniki filmləri izləmək, su təsərrüfat və meliorasiya obyektləri ilə bağlı müzakirə və debatlar aparmaq,  hidrotexniki qurğularlardan,  meliorasiya və irriqasiya obyektlərindən bəhs edən müxtəlif əyani vəsaitlərlə tanış olmaq imkanı əldə etmişlər. Auditoriyada mütəxəssislər tərəfindən hazırlanmış su anbarının “canlı maketi”nin köməyi ilə çay sularının nizamlanması prosesi, su anbarları və onun üzərindəki hidrotexniki qurğuların işləmə prinsipi ilə  əyani olaraq tanışlıq tələblərin xüsusi marağına səbəb olmuşdur.

Təcrübə müddətində İnstitutun elmi-texniki kitabxanasından, texniki arxivindən, elektron-informasiya bazasından, kompüter mərkəzinin xidmətlərindən istifadə etmək üçün yaradılan işgüzar şəraitdən yararlanan tələbələr  diplom və dissertasiya işləri üçün geniş elmi-texniki məlumatlar toplamaq imkanı əldə etmişlər.

Yaradılan şərait və imkanları yüksək qiymətləndirən tələbələr təcrübə müddətində onlara göstərilən diqqət və qayğıya görə institutun kollektivinə və rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Tələbə-magistr Ürfan Cəbrayılov “Azdövsutəslayihə” institutunda keçdiyi istehsalat təcrübəsi ilə bağlı təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, təcrübədə olduğum müddətdə  bu qənaətə gəldim ki,  istehsalat təcrübəsi gələcək əmək fəaliyyətimiz üçün olduqca mühüm aspektdir. Biz tələbələr təcrübə dövründə institutun təcrübəli mütəxəssislərindən çox şey öyrəndik. İnstitutda mövcud şərait bizə istehsalat təcrübəmizi ən yüksək səviyyədə keçirməyimizə imkan verdi. İnstitutun elmi-texniki ədəbiyyatlarla zəngin kitabxanasının, texniki arxivin, elektron-informasiya bazasının xidmətlərdən istifadə etməklə ixtisasımızla bağlı kifayət qədər bilgilər əldə edə və səmərəli məlumatlar toplaya bildik.  İnstitut rəhbərliyi tərəfindən təcrübəmizin yüksək səviyyədə təşkil olunması istiqamətində mümkün olan hər şey edilmişdi. Odur ki, bizə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə “Azdövsutəslayihə”  institutunun kollektivinə və onun rəhbərliyinə burada təcrübə keçmiş bütün tələbə yoldaşlarım adından təşəkkür edirəm.

Sonda həmsöhbətimiz təhsilini başa vurduqdan sonra gələcəkdə bu kollektivin sıralarında əmək fəaliyyətinə başlamaq və bu təcrübəli kollektivin əməkdaşı kimi respublikamızda inşa ediləcək su təsərrüfatı və meliorasiya obyektlərinin layihələndirilməsi işində yaxından iştirak etmək arzusunda olduğunu bildirdi.

Müasir dünyada rəqabətə yalnız mükəmməl təhsilə, zəngin biliklərə, müasir informasiya texnologiyaları vərdişlərinə malik olan kadr potensialı ilə tab gətirmək mümkündür. Yaşadığımız dövr elm və texnologiya əsri kimi xarakterizə olunduğundan bu gün intellektual kadr potensialı əhəmiyyətinə görə hətta zəngin təbii sərvətləri belə üstələyir. Bu reallığı düzgün qiymətləndirən  “Azdövsutəslayihə”  institutu bundan sonra da öz sıralarını savadlı, intellektli kadr potensialı zənginləşdirmək istiqamətində fəaliyyətini uğurla davam etdirəcəkdir.

Vətəninfo.az

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki