image-photo-2021-11-16-17-47-11backend

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qardaşlığın nişanəsidir.

image-reklam_sirab_01

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir.

Bu, ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi “tək millət – iki dövlət” təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə Respublikasının Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl olaraq verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirir, bu addımların belə çətin və məsuliyyətli günlərdə əvəzsiz kömək olduğunu dünya ictimaiyyəti qarşısında açıq şəkildə bildirir.

Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Tərtər, Bərdə və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının, informasiya agentliklərinin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynayır. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədasıdır. Türkiyə mediasının çətin şəraitdə Azərbaycanda göstərdiyi operativ fəaliyyət hər cür minnətdarlığa layiqdir.

Azərbaycanın Vətən müharibəsinə başladığı günlərdən dövlətimizə ilk olaraq dəstək verən beynəlxalq qurumların içərisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq bəyanatı tam vaxtında ifadə olunmuş birmənalı münasibətin əks-sədası kimi səslənmişdir. Bu, həm də  Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası kimi nüfuzlu bir beynəlxalq qurumun münasibətini bildirən bəyanat kimi də dünya ölkələrində Azərbaycanın ədalətli mövqeyi haqqında obyektiv fikirlərin, düzgün ictimai rəyin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşəbbüsü ilə bu beynəlxalq təşkilatın Baş katibi Bağdat Amreyevin rəhbərliyi ilə, Türkiyə Cümhuriyyətinin, Özbəkistanın və Qırğızıstanın Ticarət və Sənaye Palatalarının rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı ifadə edilən birmənalı dəstək həm də qarşılıqlı münasibətlərdəki etibarlı Türkiyə dəstəyinin üfüqlərinin genişləndirilərək beynəlxalq təşkilatlara və digər Türk Respublikalarının qurumlarına  qədər inkişaf etməkdə olduğunu göstərən faktdır.

Tariximizin belə çətin anlarında Türk dünyasından ayrı-ayrı tanınmış siyasi xadimlərin, görkəmli elm və ədəbiyyat adamlarının da dəstəyi Azərbaycan üçün əhəmiyyətlidir. Bu cəhətdən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəlinin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla telefon danışığı Orta Asiya respublikalarından gələn ilk ziyalı dəstəyi kimi tarixi addımdır. Azərbaycan xalqının etibarlı dostu, dünya şöhrətli yazıçı və ictimai xadim Oljas Süleymanovun Dağlıq Qarabağdan və ətraf rayonlardan Ermənistanın birmənalı olaraq çıxması haqqındakı bəyanatı həqiqi bir vətəndaş yazıçının haqq səsinin gerçək ifadəsidir. Qardaş Gürcüstandan Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratianinin Azərbaycan Milli Elmlər Akademiyasına göndərdiyi məktub isə dost və qonşu ölkənin ziyalılarının mövqeyi kimi əhəmiyyətlidir.

Göründüyü kimi, çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan – Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli örnəkdir. Azərbaycan-Türkiyə Birlik və Həmrəyliyi müasir dövrün qardaş ölkələr üzrə əsl tarixi və ibrətamiz dərsləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya nümayiş etdirdikləri birlik və həmrəylik “tək millət – iki dövlət” haqqındakı qardaşlıq və həmrəylik təliminin gerçək təntənəsidir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsidir. Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yolların da ən mühüm faktorlarından biridir. Eyni zamanda, əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan – Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün də çağırışdır.

Bakı Slavyan Universiteti
Musayeva Aydan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki