Türkiyə ABŞ ilə F-35 qırıcı təyyarələri proqramına qayıtmaq və CAATSA sanksiyaları ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində danışıqlarda irəliləyiş əldə etməyə ümid edir.
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu Vaşinqtonda CNN Türk telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyəyə məxsus ilk altı F-35 qırıcı təyyarəsi ilə bağlı ABŞ-la intensiv müzakirələr aparılır. Nazir müavini danışıqların müsbət nəticələnəcəyinə inandığını vurğulayıb.
Kavaklıoğlu qeyd edib ki, Türkiyə nümayəndə heyəti son günlərdə ABŞ-da müdafiə sənayesi və təhlükəsizlik sahəsində qərarların qəbuluna cavabdeh olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçirib. Nümayəndə heyəti Vaşinqtona ABŞ-ın 2026-cı il sərgisində iştirak etmək üçün səfər edib.
Nazir müavini Ankara ilə Vaşinqton arasındakı münasibətlərin xeyli yaxşılaşdığını, bununla belə, müəyyən problemlərin hələ də qaldığını bildirib.
“Hazırda münasibətlərimiz əla adlandırıla biləcək səviyyədədir, baxmayaraq ki, problemlər qalmaqdadır”, – deyə Kavaklıoğlu qeyd edib.
O, xüsusilə ABŞ-ın CAATSA qanunu çərçivəsində Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərə toxunub. Nazir müavininin sözlərinə görə, tərəflər fikir ayrılıqlarını fəal şəkildə müzakirə edir və onların yaxın gələcəkdə aradan qaldırılacağına ümid edirlər.
Xatırladaq ki, ABŞ 2020-ci ildə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq Ankara ilə bağlı müdafiə sənayesi sahəsində sanksiyalar tətbiq edib. Bunun nəticəsində Türkiyə F-35 beşinci nəsil qırıcı təyyarələrinin istehsalı proqramından kənarlaşdırılıb.
Kavaklıoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlərin də danışıqlara müsbət təsir göstərdiyini bildirib. Bununla yanaşı, o, mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün hər iki tərəfin konkret addımlar atmalı olduğunu vurğulayıb.
“Ümid edirəm və gözləyirəm ki, hər şey çox qısa müddət ərzində başa çatacaq”, – deyə nazir müavini bildirib.
Bununla belə, Kavaklıoğlu mümkün razılaşmanın əldə olunacağı konkret tarixi açıqlamayıb. O, ilk altı F-35 qırıcısı ilə bağlı müzakirələrdə hansı məsələlərin razılaşdırıldığını da dəqiqləşdirməyib.


























