image-imagesbackend

Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır.

image-reklam_sirab_01

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-TbilisiCeyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib. 2 2020-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya (BXİ) qoyuluşuna görə, Türkiyə 259 milyon dollar investisiya məbləği və 12,3% xüsusi çəki ilə Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb. 3 Eyni dövrdə Türkiyə, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilən BXİ həcmində 39,2 milyon dollar investisiya məbləği və 6% xüsusi çəki ilə 8-ci yeri tutub. 4 Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Türkiyə”nin icra etdiyi layihələrlə bağlıdır. “Socar Türkiyə” ilk olaraq 2008-ci ildə PETKİMin hissələrinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı ehtiyacının 18%-i qarşılanır. “SOCAR Türkiyə” həmçinin Türkiyənin və regionun enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyəti olan bir çox işlərə imza atıb. Bu investisiyalar, əsasən, neft-kimya emalı və təbii qaz sektorlarını əhatə edir. Belə layihələrə, 6,3 milyard dollar investisiya məbləği ilə qurulan, 2019-cu ildə İzmirin Aliağa limanında fəaliyyətə başlayan və hazırda Türkiyənin ilkin emal olunan neft ehtiyacının 25%-ini qarşılayan STAR neftayırma zavodu misal göstərilə bilər.5 Bu neftayırma zavodu, Türkiyənin enerji kəsrinin ən mühüm komponenti olan mayeləşdirilmiş neft qazı, təyyarə yanacağı istehsal etməklə, qardaş respublikaya illik təxmini 1,5 milyard dollar qənaət vəd edir. 6 Azərbaycan Türkiyənin alternativ enerji sektoruna da investisiya qoyur. Bu sahədə enerji xərclərinə qənaəti və ətraf mühitin qorunmasını hədəfləyən Petkim külək enerjisi stansiyası (Petkim RES) xüsusi vurğulanmalıdır. Petkim RES-in istifadəyə verilməsi ilə İzmirin Aliağa ərazisində buraxılan karbon emissiyaları 120 min ton azalıb və elektrik enerjisi istehsal gücü 22% artıb.
Azərbaycanın neft-kimya sahəsi başda olmaqla neft-emal, energetika, logistika sektorlarını əhatə edən strateji investisiyalarının qardaş ölkə üçün enerji təhlükəsizliyində, ətraf mühitin qorunmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində əhəmiyyətli payının olduğu açıq şəkildə görünür. Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiyarabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır.8 Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara Azərbaycan Sənaye Bankı, Ziraat Bank Azərbaycanı, Azər-Türk Bankı nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin, Azərbaycanda Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürdaşı və Alov kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.

Bakı Slavyan Universiteti
Aytac Əhmədli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki