Türkiyə pilotsuz yük təyyarələrinin hazırlanması və istifadəsi sahəsində gələcəkdə aparıcı ölkələrdən biri ola bilər.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mediasında yayılan analitik yazıda qeyd olunur ki, süni intellekt və avtonom sistemlərin inkişafı nəqliyyat sektorunda yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilib. Bu proses avtomobillərlə yanaşı, təyyarə və gəmilərin də pilotsuz idarə olunmasına imkan yaradır.
Müdafiə sənayesi üzrə ekspert Yusuf Akbabanın sözlərinə görə, Türkiyənin pilotsuz sistemlər sahəsində kifayət qədər geniş texnoloji imkanları mövcuddur. O hesab edir ki, türk mühəndisləri hərbi sistemlərdə olduğu kimi, mülki məqsədlər üçün də pilotsuz quru, hava və dəniz nəqliyyat vasitələrinin hazırlanmasında sürətlə irəliləyə bilərlər.
Ekspert bu istiqamətdə Baykar şirkətinin fəaliyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, şirkətin hava yük daşımaları sahəsinə daxil olması pilotsuz texnologiyaların bu sektorda tətbiqini sürətləndirə bilər.
Akbaba bildirib ki, pilotsuz yük təyyarələrinin yaradılması üçün əsasən iki yanaşma mümkündür. Birinci variant mövcud pilotlu təyyarələrin süni intellekt, avtonom idarəetmə sistemləri və müasir sensorlarla təchiz edilməsidir. İkinci variant isə təyyarənin tamamilə pilotsuz sistem kimi sıfırdan hazırlanmasıdır.
Ekspertin fikrincə, ilk yanaşma daha əlçatandır. O qeyd edib ki, avtonom uçuş və eniş, naviqasiya, müxtəlif hava şəraitində fəaliyyət göstərə bilən proqram təminatı, kameralar və digər zəruri sistemlər üzrə Türkiyədə kifayət qədər texnoloji imkan var.
Bununla belə, pilotsuz yük təyyarələrinin mülki aviasiyaya inteqrasiyası bir sıra çətinliklərlə üzləşə bilər. Əsas məsələlərdən biri təhlükəsizlik və sertifikatlaşdırma tələbləridir.
Akbaba vurğulayıb ki, hərbi sahədə pilotsuz sistemlərin istifadəsi daha asan olsa da, mülki aviasiyada vəziyyət fərqlidir. Çünki pilotsuz yük təyyarələri insan tərəfindən idarə olunan sərnişin təyyarələri ilə eyni hava məkanından istifadə etməli və yaşayış məntəqələrinin üzərindən uçmalıdır.
Ekspert hesab edir ki, ilkin mərhələdə mövcud pilotlu təyyarələrin tədricən avtonom sistemlərə keçirilməsi, daha sonra isə tamamilə pilotsuz iri təyyarələrin istifadəyə verilməsi mümkündür.
Akbabanın qənaətinə görə, Türkiyə bu sahədə lazımi texnoloji və sənaye imkanlarına malikdir. O bildirib ki, düzgün strategiya və yol xəritəsi ilə ölkənin pilotsuz yük aviasiyası sektorunda qlobal bazarın aparıcı iştirakçılarından birinə çevrilməsi mümkündür.


























