Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsinin siyasi və ictimai düşüncəsində illərlə hökm sürən stereotipləri sarsıdan sensasion bəyanatla çıxış edib. O, erməni cəmiyyətinin türklər və azərbaycanlılar haqqında illər boyu daşıdığı düşmən obrazının Rusiya tərəfindən formalaşdırıldığını açıq şəkildə etiraf edib.
“Biz deyirik ki, ‘türk heç vaxt dəyişmir’, amma Türkiyədə də eyni şeyi ermənilər haqqında deyirlər.
Biz deyirik ki, ‘Azərbaycana necə etibar edə bilərik?’, onlar da eyni sualı ermənilər barədə verirlər.
Biz deyirik ki, ‘biz tarixdən heç nə öyrənməmişik’, onlar isə cavab verirlər: ‘Siz tarixdən heç nə öyrənməmisiniz, əgər ermənilərlə sülh istəyirsinizsə.
Biz KQB agentləri tərəfindən formalaşdırılmış bu düşüncə tərzindən azad olmalıyıq”.
Paşinyanın bu sözləri Ermənistanın postsovet təfəkkürünə, rus yönlü siyasi manipulyasiyalara və milli kimlik üzərində Erməni Kilsəsi vasitəsi ilə qurulmuş qorxu siyasətinə birbaşa zərbə kimi dəyərləndirilir.
O, açıq şəkildə bildirir ki, erməni cəmiyyətinin türklərə qarşı nifrəti, qorxusu və inamsızlığı Moskva tərəfindən illər boyu “psixoloji silah” kimi formalaşdırılıb.
Bu, indiyədək heç bir erməni liderinin dilə gətirmədiyi dərəcədə sistemli və ideoloji etirafdır.
Maraqlıdır ki, Nikol Paşinyan bu fikirləri ilk dəfə səsləndirmir.
Musavat.com -un araşdırmasına görə, onun gənclik illərində jurnalist kimi yazdığı məqalələrdə də eyni ideya xətti – erməni xalqının azad düşüncəyə, müstəqil qərarverməyə, türklərə qarşı nifrəti milli ideologiya təlimindən silməyə və rus təsirindən çıxmağa çağırış – aydın görünürdü.
Bugün isə Paşinyan bu tezisləri artıq icraçı siyasətçi və ideoloji rəhbər kimi gerçəkləşdirir:
• Ermənistanın Rusiya ilə təhlükəsizlik ittifaqından uzaqlaşması;
• Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması cəhdləri;
• Kilsənin və köhnə siyasi elitanın təsirinin zəiflədilməsi — hamısı həmin “mental azadlıq” konsepsiyasının tətbiqidir.
“Erməni-Rus matrisi” çökür
Paşinyanın buna bənzər çıxışıları xeyli zamandır Rusiya yönlü dairələrdə ciddi narahatlıq doğurub.
Çünki onun sözləri erməni cəmiyyətinin əsas ideoloji sütunlarından birini – “əzabkeş xalq” mifini və “türklər dəyişməz düşməndir” konseptini sarsıdır.
Bu, əslində, Ermənistanın Rusiya orbitindən uzaqlaşmasının ideoloji əsasını yaradır.
Paşinyanın “KQB agentləri tərəfindən formalaşdırılmış düşüncə tərzindən azad olmalıyıq” deməsi həm də Moskvanın informasiya və psixoloji nəzarət mexanizmlərinə meydan oxumaq anlamına gəlir.
Görünən budur ki, Paşinyan indi öz siyasi kursunu “tarixi psixozdan çıxış proqramı” kimi təqdim edir.
Bu proqramın əsas məqsədi:
• Ermənistanın regiondakı münasibətlər sistemini yenidən qurmaq;
• Türkiyə və Azərbaycanla real sülhün mümkünlüyünə inanmaq;
• Rusiyanın siyasi və ideoloji diktəsindən qurtulmaq.
Bu baxımdan Paşinyanın son çıxışı yalnız bir bəyanat deyil, həm də erməni düşüncə tarixində dönüş nöqtəsi sayıla bilər.
Ermənistanın baş naziri artıq 1 ildın çoxdur ki, öz çıxışlarında xalqının beyninə yeridilmiş “türk düşmənçiliyi” konsepsiyasının Moskva mənşəli olduğunu bu qədər açıq şəkildə dilə gətirir.
Bu etiraf, nə qədər riskli olsa da, Cənubi Qafqazda sülh və rasional siyasət üçün yeni üfüqlər açır.Musavat.com


























