Ukrayna Silahlı Qüvvələri (USQ) Sumı vilayətində Rusiyanın bütün yerüstü rabitə və təchizat xətlərini pilotsuz uçan aparatların köməyi ilə kəsib. Vətəninfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında məlumat verilib.
Hesabatda qeyd olunur ki, Ukrayna qüvvələrinin əməliyyatları nəticəsində Rusiya bölmələrinin su da daxil olmaqla əsas təminat yolları bağlanıb. Nəticədə Sumının Yunakivka ərazisində yerləşən Şimal Qüvvələr Qrupu artıq səkkiz gündür su təchizatından məhrumdur və hərbçilər yağış sularını yığaraq ehtiyaclarını ödəməyə çalışırlar.
ISW analitikləri bildiriblər ki, bölgədəki Rusiya hərbi komandanlığı əsasən döyüş təcrübəsi olmayan zabitlərdən ibarətdir. Onlar təmas xəttindən 20 kilometr aralıda yerləşən arxa qərargahlarda yerləşirlər və yaralıların və həlak olanların təxliyəsindən imtina edirlər.
Buna baxmayaraq, Rusiya qüvvələri Sumı istiqamətində hücum əməliyyatlarını davam etdirsələr də, irəliləyiş əldə edə bilməyiblər.
Hesabatda həmçinin qeyd olunur ki, rus ordusu Xarkov vilayətinin şimalında və Velyky Burluk istiqamətində hücum cəhdlərini davam etdirir, lakin burada da nəticə yoxdur. Kupyansk istiqamətində isə rus hərbçiləri irəliləmək üçün təxribat və kəşfiyyat qruplarından, eləcə də Oskil çayını keçmək üçün kəndirlər və şişmə qayıqlardan istifadə edirlər.