“Cənab Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməyim məsuliyyətimi bir az da artırmış oldu”.
Bu fikirləri Vətəninfo.az-a özəl açıqlamasında Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov deyib.
Vaqif Məmişov vurğulayıb ki, bundan sonra da Azərbaycan-Rusiya arasında əlaqələrin daha da müsbət inkişafı istiqamətində səylərini əsirgəməyəcək: “İnşallah, bir neçə günə Rusiyadan böyük bir nümayəndə heyəti ilə Azərbaycana gələcəyik. Yəqin ki, cənab Prezidentlə də görüşümüz olar. Fürsətdən istifadə edib mənə göstərilən böyük ehtimada görə Cənab Prezident İlham Əliyevə təşəkkürümü çatdıracam”.
Diaspor lideri onu da vurğulayıb ki, bu gün müxtəlif ölkələrdə yaşayan hər bir azərbaycanlının ölkəmizin təbliği yönündə daha da əzmlə işləməsi vacibdir: “44 günlük Vətən müharibəsinin vermiş olduğu qürur, əldə olunan tarixi zəfər bizim hər birimizi yaşadığımız ölkələrin cəmiyətlərinə çatdırmağı ehtiva edir. Ona görə də çalışmalıyıq ki, dövlətimizin bizə olan inamını, ehtiramını hər zaman diqqətdə saxlayaraq var gücümüzlə çalışaq”.