Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 5 nəfərin öldüyünü, 34 nəfərin yaralandığını bildirib.
Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski Rusiya qüvvələrinin Ukraynanın Dnepr şəhərinə hücum etdiyini açıqlayıb.
Hücum nəticəsində 5 nəfərin öldüyünü, 34 nəfərin yaralandığını bildirən Volodimir Zelenski ölənlərin ailələrinə başsağlığı verib.
Rusiyanın ölkəsinə qarşı hücumlarının qarşısının alınmasının ancaq müasir və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və silahlar ilə mümkün olduğunu qeyd edən Volodimir Zelenski deyib: “Dünya insanların həyatını qoruya bilər və bunun üçün liderlər qətiyyətli olmalıdırlar”.
Volodimir Zelenski hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı bəyanatda Rusiya ordusunun bu gün Ukraynanın Dnepropetrovsk bölgəsini 7 raket və 5 PUA ilə hədəf aldığı qeyd olunub.
Bəyanatda bildirilib ki, Ukrayna qüvvələri 1 ədəd “İskəndər-K”, 4 ədəd “Kh-59” raketi ilə 5 ədəd “Şahed” tipli PUA-nı məhv etdi.