image-fuad-heyderbackend

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan siyasətinin dönüş nöqtəsi oldu

image-reklam_sirab_01

Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Bu elə bir tarixi proses idi ki, 1990-cı illərin əvvələrində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda, bu dönəmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü. Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən, tanınmış dövlət xadimi ümummilli lider Heydər Əliyevə müraciət göndərildi. Və hər zaman xalqını düşünən və xalqının yanında olan ümummilli liderimiz xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. Qeyd edək ki, həm ziyalıların müraciəti, həm də ulu öndərin cavabı «SƏS» qəzetində dərc olundu. Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Artıq bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Və bu gün Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı. Məhz YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.

Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə, uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər.

Bəli, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı – 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bir sözlə, bu gün Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür”.

 

Fuad Heydər

siyasi ekspert.

Xüsusi olaraq Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki