image-74d807e3-91ce-4e18-8219-9c91516f6a1bbackend

ZƏNGƏZURDAN DÜNYAYA AÇILAN “AĞ ÖLÜM” QAPISI – Narkoticarətdə İran-Ermənistan işbirliyi… + FOTOLAR

image-reklam_sirab_01

Azərbaycanın II Qarabağ müharibəsindən qalib tərəf kimi ayrılması, bəzi ölkələrin xüsusən də, cənub qonşumuz – İranın ürəyincə olmadı. Qarabağın 30 il erməni işğalı altında qalmasına, dini ibadətgahlarımızın təhqir olunmasına, “şiə qardaşı” adlandırdığı ölkənin vətəndaşlarının öz dədə-baba yurdlarından qovulmasına göz yuman İran, bu müddət ərzində bir dəfə də olsun Ermənistan əleyhinə bəyanatla çıxış etməyib.

İkinci Qarabağ savaşından sonra isə İranın Azərbayacana olan laqeyd münasibəti kin və nifrətlə əvəz olunub. Cənub sərhədlərimizin bərpa olunmasını həzm edə bilməyən İranın, Azərbaycana olan qəzəbi bir qədər də artıb və İran rejimi Qarabağla sərhəddə yerləşən Arazboyu ərazilərdə artıq ikinci hərbi təlimini də reallaşdırıb.

Bu təlimlərin keçirilməsində yeganə məqsəd İranın “qırmızı xətt” adlandırdığı Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. İrandakı bəzi anti-Azərbaycan dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanı təmin edəcək Zəngəzur dəhlizinin işə salınmasını ölkələrinin milli təhlükəsizliyinə təhdid olaraq görür. Hətta onlar Zəngəzur dəhlizinin regiondakı sərhədləri dəyişdirə biləcəyini və rəsmi Tehranın buna dözməyəcəyini bildirirlər.

Bu zaman ortaya belə sual çıxır:

İran İslam Respublikası milli təhlükəsizlik deyərkən nəyi nəzərdə tutur?

Bu dəhliz İranı niyə narahat edir?

 

Bu barədə politioloq Zaur Məmmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanın təklif etdiyi Zəngəzur Dəhlizi İranın Ermənistanla və digər ölkələrlə ticarət və kommunikasiya əlaqələrinə heç bir maneə yaratmır: ““Zəngəzur dəhlizi İranla Ermənistanın əlaqəsini kəsir” kimi çıxışlar reallıqdan uzaqdır. Bu ərazidə müxtəlif yol qovşaqları ola bilər və bu yolların bir-birinə heç bir ziyanı yoxdur. İran sadəcə olaraq, milyonlarla Azərbaycanlının əzəli torpaqlarına qayıtmasından qorxur”.

Politoloq qeyd edib ki, 30 il ərzində Şərqi Zəngəzur ərazisi ilə İrandan Ermənistana narkotik vasitələrin daşınması ilə bağlı müxtəlif mülahizələr olub:“Bu barədə məşhur “Vikeleks” saytında dərc olunan məqələdə bildirilirdi ki, İranın müxtəlif qrupları Qarabağa, Zəngəzura, oradan isə Robert Koçaryanın və digər Ermənistan hakimiyyətində olan separatçıların yardımıyla Avropaya narkotik satışı həyata keçirirlər. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Əfqanıstandan gətirilən narkotik maddələr vaxtikən işğal altında olan Azərbaycan əraziləri və Ermənistan bölgəsindən Avropaya göndərilib. Yeri gəlmişkən burada narkotikdən əlavə qadın alveri, qanunsuz silahların dötürülməsi məsələsi də qeyd olunurdu.

Ümumiyyətlə, hazırda baş verən proseslər onu gösərir ki, hər hansı bir bölgədə xaos yaratmaq üçün, həmin dövlətin ərazisində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaq artıq dəb halını alıb. Etiraf edək ki, İranın bu sahədə müəyyən bir təcrübəsi də var . Məsələn, Suriyada, İraqda və digər bölgələrdə”.

Qeyd edək ki, Qarabağın 30 illik işğalına son qoyulması, İran və Ermənistanın narkotik ortaqlığına ciddi zərbə vurub. Yerli mətbuatda gedən xəbərlərə görə, Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağda xeyli miqdarda narkotik vasitə ələ keçirilib. Cəbrayılda narkotik paylayıcı anbar və Zəngilanda narkotunellər olan ötürmə xətti aşkarlanıb. İşğal zamanı xəttin erməni əsgərləri tərəfindən qorunduğu da məlum olub.

 

Təbii ki, İran və Ermənistan üçün, işğal dövründə 132 km-lik sərhəd xətti boyunca narkotik fəaliyyətini icra etmək asan idi. Ancaq II Qarabağ müharibəsinin nəticələri İran İslam Respublikasında hakim rejimin təhlükəsizliyini qoruyan və onun xarici ölkələrdəki fəaliyyətini təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) əsas gəlir mənbəyindən məhrum etdi. Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsindən sonra 30 illik narkotrafik Ermənistanla İran arasındakı 41 km-lik dövlət sərhədinə doğru sıxışdırıldı. Belə görünür ki, İranın Zəngəzur Dəhlizini “qırmızı xətt” elan etməsi, bu dəhlizin açılmasıyla birlikdə əsas narkotik marşurutlarından birinin bağlanacağı və ölkəyə qanunsuz yollarla daxil olan böyük vəsaitlərin azalacağıyla bağlıdır…

SEPAH-ın narkotik ticarəti

Qeyd edək ki, ABŞ-ın sanksiyaları və təzyiqləri səbəbindən iri Avropa şirkətlərinin bir çoxu İranı tərk edib. Bütün bu sanksiyalar və məhdudlaşdırıcı tədbirlər nəticəsində İrana valyuta axını azalıb və bu, SEPAH-ın regionda təsir imkanlarını azaldıb. Nəticədə İran rejimi stabil valyuta axını təmin etmək üçün beynəlxalq narkotik ticarəti ilə məğul olmağa başlayıb. İranın, xüsusən də SEPAH-ın, İrana bağlı Hizbullahın qlobal narkotik ticarəti şəbəkəsində iştirakına dair sübutlar da var.

Məsələn, bir neçə il öncə İnqilab Keşikçilərinin generallarından olan Həsən Həşiminesap Anari, 185 kiloqram heroin, 385 kq morfinlə tutulmuşdu. General Anari narkotiki Ciroft bölgəsindən alıb, İran-Türkiyə sərhəddindəki Urmiya şəhərinə oradan isə Türkiyə və Azərbaycan üzərindən Avropaya daşımaqla məşğul idi.

Başqa bir nümunədə isə İran-İraq müharibəsinin qazisi Səməd Qasımpur narkotik ticarəti ilə məşğul olduğundan, edam cəzasına məhkum olunmuşdu. Daha sonra İranın ali rəhbəri tərəfindən 2013-cü ildə əvvəlki xidmətlərinə görə, bağışlanılıb, sərbəst buraxılmışdı.

 

2012-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi narkotik qaçaqmalçılığındakı iştirakına görə, SEPAH-ın “Qüds” qüvvələrinin Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətindəki komandanı Qulamrza Bağbaniyə qarşı sanksiya tətbiq etmişdi. General Bağbani SEPAH-ın “Taliban”a göndərdiyi silah-sursatın çatdırılması müqabilində narkotik qaçaqmalçılarının İran sərhədindən rahat keçmələrinə, o cümlədən tiryəki İran daxilində yaymalarına şərait yaradırdı.

2013-2017-ci ildə isə İtaliya hökuməti Avropa Birliyinə narkotiklərin çatdırılmasını təmin edən 9 nəfərlik bir qrupu ifşa etmişdi. Həmin şəxslərin İraqda SEPAH-ın nəzarət etdiyi “Həşdi-Şabi” dəstələrinin üzvü olduğu və general Bağbani tərəfindən idarə olunduğu müəyyən edilmişdi.

2014-2020-ci ildə Rumıniyada tutulan 1,3 ton narkotikin də SEPAH-ın vasitəsilə Suriyadan ölkəyə gəlib çıxdığı bəlli olmuşdu.

SEPAH-ın narkotik ticarətini təsdiqləyən onlarla belə fakt olsa da, İran rejimi heç vaxt bu fikirlərlə razılaşmayıb. Ancaq şübhəsiz ki, bu cür fəaliyyət ölkənin ali rəhbərliyinin xəbəri olmadan həyata keçirilə bilməz.

İranın narkotik marşurutları

İranın Əfqanıstanla 945 kilometrlik quru sərhədinin olması, onu “ağ ölüm” ticarətinin əsas oyunçularından birinə çevirib. Qeyd edək ki, Əfqanıstanda il ərzində istehsal olunan tonlarla narkotik maddə məhz İran, Pakistan, Tacikistan və Rusiya üzərindən Avropa bazarına ötürülür.

 

Beynəlxalq hesabatlara görə, Əfqanıstandan İrana gətirilən narkotikin 75 faizi müxtəlif marşurutlarla Avropaya daşınır, 2 faizi daxildə istifadə edilir, 23 faizi isə Fars körfəzi ölkələrinə satılır.

Əfqanıstandakı narkotikin İrana Sistan-Beluçistan sərhəddindən keçirildiyi bildirilir. Hesabatda qeyd olunur ki, İran narkotik ticarətini 4 əsas koridor üzərində qurub. Belə ki, Əfqanıstandan gətirilən narkotik İranın Zahidan və Xorasan şəhərlərində toplanılır. Buradan isə İrandakı 75 minə yaxın narkotacir vasitəsilə dünyanın müxtəlif ölkələrinə aparılır.

Narkokuryerlər bu koridorlarla daşınılan narkotikdən il ərzində 5 milyard dollardan artıq qazanc əldə edirlər.

İranın bu trafikdən qazandığı məbləğ isə 50 milyard dollardır. Həmin koridorlar bunlardır:

1. İran-İraq-Suriya-Livan-İtaliya və ya İspaniya;

2. İran-Ermənistan-Gürcüstan-Rumıniya və ya Bolqarıstan;

3. İran- Türkiyə (Van şəhərindən )- Avropa;

4. İran-İraq-Türkiyə (Hakkari vilayətindən) – Avropa.

Son illər Türkiyə polisinin səyi nəticəsində bu ölkədən narkotik daşınmasının qarşısı  böyük ölçüdə alınıb. Buna görə də İran-Ermənistan-Gürcüstan-Rumıniya marşurutu əsas narkotranzitə çevrilib. 

 

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “AzPolitika.info”-ya şərhində bildirib ki, rəsmi açıqlanan məlumatlar İranın Zəngəzur bölgəsində narkotik ticarəti ilə məşğul olduğuna dair şübhələri artırır: “Təxminən 2-3 ay öncə Rusiya Sərhəd Xidmətinin rəhbərliyi bəyan etmişdi ki, Rusiya İrandan gələn malların yoxlanılması üçün Zəngəzur bölgəsində əlavə 3 post açıb. Rəsmi bəyanata görə, buna səbəb, həmin bölgədə narkotiklərin tranzitinin artması olub. Bu narkotikin böyük hissəsi Ermənistan üzərindən Rusiyaya və digər ölkələrə göndərilib. Əgər bu cür rəsmi məlumatlar varsa, deməli, sözügedən mövzunun reallığıyla bağlı ciddi əsaslar var. Çünki iqtisadi- siyasi və məniqi baxımdan İran taranzit ölkə kimi, Zəngəzur dəhlizindən çox böyük iqtisadi fayda ala billər”.

“Bir neçə il öncə Azərbaycan, Rusiya və İranın dövlət başçıları arasında Şimal-Cənub dəhlizinin yaradılmasıyla bağlı xüsusi qərarlar qəbul olunmuşdu. İndi birdən-birə İranın bu şəkildə mövqeyini dəyişməsi, yuxarıda qeyd etdiyim kimi, ciddi şübhələr doğurur. İranda hakimiyyətdə olan hansısa qruplaşmalar öz mənafeləri naminə həm bu layihələri həm də Azərbaycanla olan münasibətləri pozmağa hazırdırlar. Ancaq düşünrəm ki, İranın bu siyasəti uzunmüddətli ola bilməz. Çünki Zəngəzur dəhlizi iqtisadi-siyasi baxımdan regiondakı dövlətərə böyük xeyir vəd edən proyektdir”,- politoloq qeyd edib.

Narkoticarətdə Ermənistan-İran işbirliyi

Ermənistan heroin ticarətinin əsas tranzit ölkələrindən biri hesab olunur. Narkotbiznesin Əfqanıstan, İran, Qafqaz və Avropanı birləşdirən şimal marşrutu məhz Ermənistan ərazisindən keçir. Araşdırmalara görə, Ermənistan-İran sərhədindəki Meğri rayonu, heroinin böyük hissəsinin ölkəyə daxil olduğu yerdir. 

Ardınca bu narkotikin Ermənistan-Gürcüstan sərhədinə, oradan da Avropaya daşınıldığı bildirilir. Ermənistan həmçinin Latın Amerikası, Avropa, eləcə də İran, BƏƏ və Malayziya arasında kokain ticarəti əməliyyatlarının başlıca tranzit məntəqələrindən hesab olunur.

 

Həmçinin Avstraliyada istifadə edilən metamfetaminin (patı-red.) əsas ixracatçısının Ermənistan olduğu bildirilir. Ermənistan sintetik narkotiklərin tranzit ölkəsi olsa da, bu işə iranlı qrupların başçılıq etdiyi qeyd olunur.

 

 

Bu barədə siyasi şərhçi Elyar Kamrani “AzPolitika.info”-ya şərhində bildirib ki, İranın terrorla və narkotik ticarəti ilə məşğul olması həç kimə sirr deyil: “Avropada satılan narkotikin 90 faizi İrandakı terror qrupları və SEPAH-ın “Qüds” qüvvələri vasitəsilə daşınılır. Qarabağ Ermənistanın nəzarətində olarkən, SEPAH bu ərazilərdə qurduğu depolar və anbarlarla rahat şəkildə narkotik ticarəti ilə məğul olurdu. İranın II Qarabağ müharibəsi dövründə böyük narahatlıq keçirməsi, bu yolun bağlanacağıyla əlaqədar idi. İran bilirdi ki, Azərbaycan dövləti bu qanunsuz fəaliyyətə icazə verməyəcək. İran zaman-zaman SEPAH-ın əli ilə Azərbaycanda da narkotik satışıyla məşğul olub”.

 


 

Ekspert qeyd edir ki, Zəngəzur dəhlizinin açılması, İran-Ermənistan narkotik xəttinin bağlanması anlamına gəlir:“Bu dəhlizlə birlikdə, İranın narkotik marşutlarından biri tamamilə bağlanacaq. İran Zəngəzur dəhlizi ilə bağlı narahatlığını müxtəlif formada izah etməyə çalışsa da, əsas səbəb budur. İran üçün ən uyğun narkotrafik məhz bu yoldur. İran bu yolla əldə etdiyi vəsaiti müxtəlif ölkələrdə terroru qızışdırmağa və insanların həyatına təhlükə yaratmağa sərf edir.

Hesab edirəm ki, İran hər nə qədər Zəngəzur dəhlizinin əleyhinə bəyanatlar səsələndirsə də, bu heç bir nəticə verməyəcək. Azərbaycan gücləndikcə, İran geri addım atmalı olacaq və zaman yetişəndə bu dəhliz açılacaq”.

Dünya narkotik hesabatı: “İranda 4 milyona yaxın narkotik istifadəçisi var”

Dünya Narkotik Hesabatına (UNODC) əsasən, İranda narkotik asılılığından əziyyət çəkənlərin sayı son 6 ildə iki dəfədən çox artıb. Narkotiklərə nəzarət qrupunun apardığı sorğu nəticəsində məlum olub ki, ölkədə 4 milyona yaxın narkotik istifdəçisi var. 1,5 milyon insan müntəzəm formada narkotik maddə qəbul edir. 

Heroinin əsas tərkib hissəsi olan tiryək ölkədə ən məşhur narkotikdir və istehlakın 67%-ni təşkil edir. Tiryəkin kilosu İranda 12 milyon tüməndir (təqribən 500 manat). Marixuana və onun törəmələri isə İranda narkotik istehlakının 12%-ni təşkil edir, mərkəzi sinir sisteminə təsir edən stimullaşdırıcı olan metamfetamindən istifadə isə təxminən 8%-dir. İranda hərgün 10 nəfər narkotikdən dünyasını dəyişir. İrandakı məhbusların 70%-i narkotik cinayətlərinə görə, həbsdədir.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki