image-55backend

Zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazi

image-reklam_sirab_01

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.

1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.
Rayonun ərazisi 1390 kvadrat kilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Füzuli rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Füzuli rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının  üzərindəki türbəni,  XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.

Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.

Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı Qiyasəddin Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Deyilənlərə görə o, qurucu və xeyirxahlığı ilə seçilib. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü illərə təsadüf edir.

Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur.

 

 

Azərbaycan Turizm Və Menecment Üniversiteti

Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki