image-reklam-veteninfo
image-1backend

Britaniya xarici siyasəti – irs üzərindən qiymətləndirmə

image-reklam-veteninfo
İctimai və analitik diskurslarda bəzən pıçıltı ilə səsləndirilən bir fikir var: dünyada baş verən proseslərin səhnə arxasındakı əsas dirijoru Böyük Britaniyadır. Bu tezisdə konspirasiya nəzəriyyəsinin elementləri üstün ola bilər və belədir də.
Ancaq strateji təqdimatda bunu tamamilə əsassız fərziyyə kimi kənara qoymaq beynəlxalq siyasətin mürəkkəb güc münasibətlərini nəzərdən qaçırmaq olardı. Söhbət Londona dünyanı idarə edən gizli mərkəz statusu verməkdən getmir. Bu, konspirasiyanın və ya “Komitet 300” kimi əsərlərin müzakirə predmetində yer ala bilər. Analitik çərçivədə kontent fərqlidir: Böyük Britaniyanın qlobal maliyyə sistemindəki mövqeyi, beynəlxalq ticarət marşrutları üzrə iqtisadi maraqları, infrastruktur layihələrinin maliyyələşdirilməsindəki rolu, həmçinin kəşfiyyat potensialı və diplomatik səyləri onun geoiqtisadi gücünü formalaşdırır.
Bu çoxşaxəli elementlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına (Böyük Britaniya) iqtisadi aktora çevrilməkdən daha artıq imkanlar qazandırır. Əsas sual isə budur: imperiya keçmişini geridə qoymuş Böyük Britaniya müasir beynəlxalq sistemdə iqtisadi və siyasi təsir imkanlarını məhz hansı geoiqtisadi mexanizmlər vasitəsilə qoruyur və genişləndirir?
Bu sualın cavabı Londonun qlobal ticarət arteriyalarına yanaşmasını başa düşməkdən keçir.
Ona görə də Böyük Britaniyanın qlobal ticarət dəhlizləri üzrə strategiyasını və onun yeni dünya nizamının bir parçası olan Zəngəzur dəhlizindəki geoiqtisadi əks-sədasını izləmək xüsusi maraq doğurur.
Dahi strateq Henri Kissincer məşhur “Diplomatiya” kitabında Böyük Britaniyanı dərin şəkildə mənalandırırdı: XVIII əsrdən etibarən Britaniya Avropada heç bir dövlətin qitənin resurslarını öz nəzarəti altında birləşdirəcək qədər güclənməsinə imkan verməməyə çalışırdı. London bəzən Fransaya, bəzən başqa kontinental güclərə qarşı onların rəqiblərini dəstəkləyərək ümumi tarazlığı qoruyurdu.
Bir çox məsələdə Kissincer düşüncəsinin əks qütbündə dayanan Zbiqnev Bjezinski də Böyük Britaniyaya oxşar pəncərədən baxır. O, özünün məşhur “Böyük şahmat taxtası” əsərində bildirir ki, Böyük Britaniya özünün keçmiş imperiya qüdrətini və qlobal düşüncə tərzini itirməyib. Bjezinski ABŞ-nin qlobal hegemonluğunun qorunmasında və Avrasiyada qüvvələr balansının saxlanmasında Londonun dəstəyini həlledici hesab edir.
 Bjezinskidən nümunələr məqalədəki fikirlərin kontekstini daha yaxşı başa düşmək üçün meyardır.
Hərçənd ki, baş nazirlərin istefası və tez-tez baş verən siyasi böhranlar Böyük Britaniyanın daxili siyasi həyatını silkələdiyi kimi, onun xarici siyasət kursuna təsirsiz ötüşmür. Lakin hökumət böhranları Londonun xarici strategiyasının həyata keçirilməsində dərin qırılmalara səbəb olmur. Burada dəyişməz və sabit reallıq var: kabinet dəyişiklikləri ilə hökumətlər gəlib-gedir, lakin Britaniyanın qlobal logistikada və enerji arteriyalarında əsaslı iştirak əzmi yerində qalır, hətta daha da irəli gedir. Londonun geoiqtisadi yanaşmalarını məhz bu qlobal təməl üzərindən qiymətləndirdikdə onun hərəkətverici geosiyasi motivləri görünür.
Ən bariz sübuta baxaq: dünyanın müxtəlif strateji nöqtələrində – okeanlarda, boğazlarda və qlobal ticarət yollarının kəsişməsində Kral Donanmasının gəmiləri keşik çəkir. Bu məlumat Kral Donanmasının əməliyyat sisteminin hərbi və kəşfiyyat üzrə quru statistikası deyil. Məsələ Böyük Britaniyanın dənizlər üzərində imperiya paradiqmalarının hansı miqyasda dövr etdiyini göstərən detaldır.
Başqa tərəfdən, Londonun 2025-ci il Ticarət Strategiyası, kritik idxal və təchizat zəncirlərinin təhlükəsizliyi üzrə siyasəti, eləcə də dəniz təhlükəsizliyi sənədlərinə nəzər yetirmək mövzunun açılması baxımından faydalıdır. Bu sənədlərin ümumi məntiqi ticarət imkanlarının genişləndirilməsi, təchizat risklərinin azaldılması, yeni bazarlara çıxışın təmin edilməsi və beynəlxalq iqtisadi mövqelərin gücləndirilməsindən ibarətdir.
Britaniya və Çin: mehriban düşmən
Daha çox diqqət ediləsi bir məqam isə Böyük Britaniya ilə Çin münasibətləridir.
Henri Kissincer Britaniyanın tarixən xarici siyasətdə sərt ideoloji prinsiplərdən daha çox praktik maraqlara söykəndiyini yazırdı. 1982-ci ildə Folklend böhranı haqqında çıxışında da Britaniyanın diplomatik ənənəsini tarazlıq və güc reallıqlarını nəzərə almaq bacarığı ilə əlaqələndirirdi. Böyük Britaniya ilə Çin münasibətlərini bu tezisdə dəyərləndirmək olar.
Əlaqələr, xüsusilə Brexit-dən sonra, rəngini əməkdaşlığa doğru dəyişib. Uzun sürən gərginlikdən sonra Böyük Britaniya və Çin siyasi yaxınlaşmadan daha çox iqtisadi praqmatizmə üstünlük verərək ehtiyatlı şəkildə körpüləri yenidən bərpa edirlər.
London və Pekin arasında iqtisadi rəqabət əsasən yüksək texnologiyalı istehsal, eləcə də kimya və əczaçılıq sektorlarında cəmləşib. Tərəflər arasında ümumi ikitərəfli ticarət dövriyyəsi 100 milyard funt sterlinqi ötərək təxminən 105 milyard funt sterlinqə çatır ki, bunun da fonunda Çinin xeyrinə 42 milyard funt sterlinqlik davamlı ticarət kəsiri mövcuddur.
Hərçənd ki, Böyük Britaniya ilə Çin arasında rəqabətin modeli sönməyib, Pekin bir az da irəli gedərək Britaniyanı kəşfiyyat əməliyyatlarının çərçivəsində saxlayır.
Ancaq indi buna daha çox media səhifələrində və diplomatik-siyasi bəyanatlarda fikir verilir. Sanki belə qalmaqalların nəqliyyat dəhlizi mövzusuna aidiyyəti yoxdur.
Çünki Rusiya ilə Qərb arasında geosiyasi gərginliyin dərinləşməsi və ənənəvi tranzit marşrutlarında meydana çıxan risklər Böyük Britaniya ilə Çin arasında münasibətlərin müsbət qiymətləndirməsinə təsir göstərir. Bu şəraitdə Orta Dəhliz — Çini Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat marşrutu — ticarət əlaqələrinin şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından əhəmiyyət qazanır.
Çin üçün bu marşrut Rusiya ərazisindən keçən ənənəvi tranzit yollarına alternativ yaradaraq Avropa bazarlarına çıxış imkanlarını şaxələndirir. Böyük Britaniya üçün isə Orta Dəhliz Avrasiya ticarət əlaqələrinin dayanıqlılığı, Avropa və Asiya bazarları arasındakı logistika bağlantıları və Cənubi Qafqazla Mərkəzi Asiyanın iqtisadi potensialının genişləndirilməsi baxımından dolayı strateji əhəmiyyət daşıyır.
Böyük Britaniya prinsipcə “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak etməyə qarşı olmamaqla bunu göstərir.
Bununla belə, Britaniyanın bu marşrutda marağı onun Çinlə vahid nəqliyyat strategiyası həyata keçirdiyi anlamına gəlmir. Lakin maraqlar uyğunlaşanda əməkdaşlığa maneə olan bağlı qapılar açılır.
Bu səbəbdən Britaniya–Çin iqtisadi münasibətləri baxımından Orta Dəhlizi ticarət risklərini bölüşdürən, alternativ tranzit imkanları yaradan və təchizat zəncirlərinin fasilələrə davamlılığını artıran əlavə bağlantı mexanizmi kimi qiymətləndirmək daha məqsədəuyğundur.
Britaniya ilə Çin arasında iqtisadi əməkdaşlığın genişlənməsi perspektivi təhlükəsizlik məsələlərindən kənarda baş vermir. Rusiya Britaniyaya qarşı mövqelənir, burada nüvə eskalasiyası, hərbi qarşıdurmanın digər ssenariləri ilə bərabər iqtisadi silahlar da danışır. Böyük Britaniya və Çinin üst-üstə düşən prioritetləri Rusiyanın Avrasiya logistika layihələrini vahid şəbəkədə birləşdirmək strategiyasına zərbə vurur. Amma Krallıqla Çinin təhlükəsizlik sahəsindəki əməkdaşlığı da problematik görünür.
Bunun Cənubi Qafqaz üçün nə demək olduğu Böyük Britaniyanın Mərkəzi Asiya strategiyasına baxdıqda aydın olur.
Londonun Mərkəzi Asiyadakı maraqları TRIPP üçün nə deməkdir?
Böyük Britaniya Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ticarət, logistika, maliyyələşdirmə və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək imkanlarına baxır. Çin isə bu regionlar vasitəsilə Avropa bazarlarına çıxışını şaxələndirməkdən faydalanır.
Mərkəzi Asiya Böyük Britaniya üçün vacib regionlardandır. Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin 10 noyabr 2023-cü il tarixli “Countries at crossroads: UK engagement in Central Asia” hesabatı Mərkəzi Asiyanı London üçün yalnız diplomatik tərəfdaşlıq məkanı deyil, həm də Çin və Rusiyanın təsirinin artdığı, alternativ iqtisadi əlaqələrin inkişaf etdirilə biləcəyi strateji region kimi təqdim edir.
Çinlə rəqabət baxımından hesabat Pekinin regionun ən böyük ticarət tərəfdaşı olduğunu və infrastruktur layihələrinə maliyyə ayırmaqla Mərkəzi Asiya hökumətləri üçün mühüm iqtisadi tərəfdaş mövqeyini gücləndirdiyini vurğulayır.
Bununla belə, Böyük Britaniyanın yanaşması Çini regiondan sıxışdırıb çıxarmaqdan daha çox yerli dövlətlərə ticarət, investisiya, təhsil və institusional inkişaf sahələrində alternativ tərəfdaşlıq imkanları təqdim etməyə əsaslanır.
Bu şəraitdə Britaniyanın regionda Çinlə əməkdaşlıq formatı birbaşa qarşıdurmadan daha çox seçici və praqmatik xarakter daşıya bilər. Bu, Böyük Britaniya üçün əhəmiyyətli keçiddir: Mərkəzi Asiya üzrə maraqlar Londona Cənubi Qafqazda anı qazanmaq imkanı yaradır. Azərbaycan Respublikasının Ermənistan üzərində hərbi-siyasi qələbəsindən sonra formalaşan yeni reallıqlar Böyük Britaniya üçün dəyərli strateji kontentdir.
Ona görə də Britaniyanın Cənubi Qafqazdakı logistika və ticarət şəbəkələri üzrə səylərinin əsasında Zəngəzur koridoru üzrə perspektivlərin dayandığını söyləmək olar.
Britaniyanın Cənubi Qafqaz siyasətində Zəngəzur dəhlizinin mümkün əhəmiyyətini qiymətləndirərkən, ilk növbədə, Londonun rəsmi sənədlərində təsdiqlənən maraqlarla ondan çıxarılan geosiyasi nəticələri fərqləndirmək lazımdır.
Britaniya üçün mütləq şəkildə müəyyən bir dəhlizin siyasi təşəbbüskarı olmaq vacib deyil. Daha zəruri olan Avrasiya ticarətində istifadə oluna bilən alternativ bağlantıların yaranması və bu bağlantıların kommersiya baxımından işlək olmasıdır.
Bu yanaşma Britaniya hökumətinin Azərbaycanla bağlı rəsmi açıqlamalarında da əksini tapır. Britaniya tərəfi Azərbaycanın Orta Dəhlizin inkişafındakı potensialını və bu marşrutun ölkənin nəqliyyat-logistika imkanlarını genişləndirməklə yanaşı, Britaniya şirkətləri üçün yeni investisiya və kommersiya imkanları yarada biləcəyini vurğulayır.
Böyük Britaniya hökumətinin “Doing business in Azerbaijan: Azerbaijan trade and export guide” adlı bələdçisində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiya və Çinlə ticarət əlaqələrinin qurulması baxımından potensial logistika qovşağı kimi təqdim edilir.
Britaniyaya görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Rusiya və İran üzərindən keçən marşrutla müqayisədə Mərkəzi Asiya və Çinə daha sürətli dəniz marşrutu təklif edir.
Bu çərçivələri təhlil etdikdə Zəngəzur dəhlizinin gələcəyi Britaniyanın diqqətində dayanan eksklüziv regional layihədir. London bunu Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişə biləcək mümkün regional bağlantı kimi nəzərdən keçirir.
Londonun 5 may 2026-cı ildə Ermənistanla imzaladığı Strateji Tərəfdaşlıq Bəyannaməsi TRIPP marşrutunun reallaşdırılmasına dair birbaşa maliyyə və ya icra öhdəliyi yaratmasa da, bu təşəbbüsü regional nəqliyyat bağlantılarının və iqtisadi əməkdaşlığın inkişafı kontekstində açıq şəkildə tanıyır.
Bu məqam Britaniyanın regional siyasətinin yalnız Azərbaycan və Gürcüstan üzərindən keçən mövcud tranzit marşrutları ilə məhdudlaşmadığını göstərir. Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyası London üçün yeni ticarət, investisiya və iqtisadi diplomatiya imkanları yarada bilər. Bu amil Azərbaycanın gündəminə uyğundur.
Bu baxış bucağı ilə Zəngəzur marşrutunun potensialını qiymətləndirərkən mühüm məqam yaranır: yeni bağlantıların iqtisadi uğuru mövcud tranzit infrastrukturunun perspektivdə necə əlaqələndirilməsindən asılı olacaq.
Gürcüstanın limanları, dəmir yolları və Türkiyə ilə bağlantıları artıq formalaşmış nəqliyyat sisteminin tərkib hissəsidir. TRIPP isə bu sistemə alternativ və ya tamamlayıcı xətlər əlavə edə bilər. Britaniya üçün əsas məsələ hansı ölkənin tranzitdə üstünlük qazanmasından daha çox regional kommunikasiyaların etibarlı, proqnozlaşdırıla bilən və kommersiya baxımından səmərəli işləməsidir.
Beləliklə, Zəngəzur dəhlizinin Britaniya üçün geoiqtisadi əhəmiyyəti Londonun qlobal ticarət, enerji təhlükəsizliyi və təchizat zəncirlərinin şaxələndirilməsi maraqları ilə əlaqələndirilir. Azərbaycanın Orta Dəhlizdəki mövqeyi, Gürcüstanın mövcud tranzit infrastrukturu və Ermənistan üzərindən yeni kommunikasiyaların açılması ehtimalı Böyük Britaniya üçün bir-birini tamamlayan regional imkanlar formalaşdırır.
Britaniya–Azərbaycan strateji tərəfdaşlığı, Londonun Gürcüstanla əlaqələri, Britaniya–Ermənistan bəyannaməsi bu geosiyasi və iqtisadi maraqların müxtəlif istiqamətlərini rəsmi səviyyədə təsbit edir.
Britaniyanın Zəngəzur dəhlizinə marağı iqtisadi əlaqələrin genişləndirilməsi, alternativ tranzit marşrutlarının yaranması və Cənubi Qafqaz dövlətləri ilə tərəfdaşlıqların möhkəmləndirilməsi kontekstində daha əsaslıdır. Mövcud rəsmi sənədlər Londonun regional bağlantılara marağını göstərir, lakin Zəngəzur dəhlizinin Britaniyanın strateji prioritet layihəsi olduğunu təsdiqləmir.
Aqşin Kərimov,
Siyasi təhlilçi



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki