Tələbələrin gündəlik xərclərinin artması və təhsil müddətində üzləşdikləri maddi çətinliklər tələbə təqaüdlərinin məbləği ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Bakıda ictimai nəqliyyatdan istifadə xərclərinin artması, universitetlərin yerləşdiyi ərazilərə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsinə ehtiyac yaranması tələbələrin aylıq büdcəsinə təsirsiz ötüşmür. Təhsil alan gənclərin əhəmiyyətli hissəsi gündəlik ehtiyaclarını qarşılamaq üçün məhdud maliyyə imkanları ilə kifayətlənməli olur. Bu baxımdan, təqaüdlərin mövcud məbləğinin tələbələrin real ehtiyaclarına nə dərəcədə uyğun olduğu məsələsi də diqqət çəkir.
Yaşayış xərclərinin yüksəlməsi fonunda tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən maliyyə dəstəyinin yenidən nəzərdən keçirilməsi zərurəti yaranır. Xüsusilə, 2027-ci ilin dövlət büdcəsinin hazırlanması ərəfəsində təqaüdlərin artırılması məsələsinin maliyyə planlaşdırmasında yer alıb-almayacağı maraq doğurur.
Bəs 2027-ci ildə tələbə təqaüdlərinin artırılması nə dərəcədə real görünür? Artan nəqliyyat və gündəlik yaşayış xərcləri nəzərə alınaraq, gələn ilin dövlət büdcəsində tələbə təqaüdlərinin yüksəldilməsi üçün vəsait ayrılması və bununla bağlı qərar qəbul edilməsi mümkündürmü?
Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Vətəninfo.az-a açıqlamasında bildirib ki, tələbə təqaüdlərinin artırılması məsələsi hazırda nəzərdə tutulmayıb:

“Bununla belə, tələbələrin sosial vəziyyəti, gündəlik yaşayış və nəqliyyat xərcləri nəzərə alınmaqla, bu məsələnin gələcəkdə müzakirə olunması mümkündür. Xüsusilə, nəqliyyat xərclərinin artması tələbələrin büdcəsinə əlavə yük yaradır və bu amil təqaüdlərin məbləği müəyyənləşdirilərkən diqqətdə saxlanıla bilər. 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı müxtəlif sosial məsələlər, o cümlədən tələbələrin maddi təminatı da gündəmə gətirilə bilər. Lakin təqaüdlərin artırılması ilə bağlı konkret qərarın qəbul edilib-edilməyəcəyini indidən demək mümkün deyil”.
Deputatın sözlərinə görə, bu istiqamətdə mövqeyi və mümkün addımları hökumət açıqlaya bilər:
“Tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların təhsil aldıqları müddətdə maddi çətinliklərlə üzləşməməsi vacib məsələlərdəndir. Təqaüdlərin artırılması ilə bağlı qərar qəbul edilərkən yaşayış xərcləri, nəqliyyat tarifləri və dövlət büdcəsinin imkanları birlikdə nəzərə alınmalıdır. Büdcə müzakirələri bu məsələnin müzakirəsi və müvafiq təkliflərin səsləndirilməsi baxımından əhəmiyyətli mərhələ olacaq”.
Aysel


























