image-yunusbackend

“27 sentyabr ərazilərimizin geri qaytarılması ümidlərinin başlanğıcıdır ” – YUNUS OĞUZLA MÜSAHİBƏ

image-reklam_sirab_01

“Bu tarix  yüz illərlə parçalanmış ruhumuzun  özünə dönməsi günüdür”    

Artıq bu ildən başlayaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Maraqlıdır, belə bir sərəncamın imzalanması hansı zərurətdən doğurdu və Anım Gününün təsis edilməsinə nə dərəcədə ehtiyac var idi? Məsələ ilə bağlı suallarımızı Milli Vəhdət Partiyasının sədri,yazıçı-publisist  Yunus Oğuz cavablandırıb.

– Yunus bəy, tarixdə çoxsaylı Anım günləri yaşanıb, indinin özündə də kifayət qədər belə günlər mövcuddur. Sizcə, 27 sentyabr Anım Gününün xüsusi əhəmiyyəti nədən ibarətdir?

– 27 sentyabr şəhidlərimizin, Vətən yolunda canından keçən əsgərlərimizin Anım günüdür. Məlum olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı. Məlum 4 qətnamənin həyata keçirilməsi üçün 27 sentyabrda artıq Vətən müharibəsi başlandı. Vətən müharibəsini zəruri edən ən vacib detallardan biri mütəmadi olaraq Ermənistanın Qarabağda yerləşən silahlı qüvvələri tərəfindən mülkü əhalimizin atəşə tutulması, mütəmadi olaraq mülki insanların şəhid olması idi. Müharibənin başlanma səbəbi isə BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi idi. Əslində bu çox vacib bir məsələ idi. Çünki bundan əvvəl Ermənistan tərəfindən çoxsaylı təxribatlar olub, amma onların hamısı lokal xarakter daşıyıb. Deyək ki, 2016-cı il aprel hadisələrində kiçik bir ərazini azad etməyimizə baxmayaraq lokal xarakter daşıdı. Buna baxmayaraq, Azərbaycan əsgərinin və xalqının içində daha çox qələbə, zəfər hissi alovlandı. Aprel döyüşlərinin ardınca Naxçıvanda bir necə yüksəkliyin alınması, Tovuz döyüşünün özü  lokal döyüşlər idi. Məhz bu hadisələrin tam nəticəsi olaraq 27 sentyabr Vətən müharibəsinin başlanması kimi tarixə düşdü. Artıq Tovuz hadisələrindən sonra biz dözə biməzdik ki, Ermənistanın o zamankı müdafiə nazirinin “yeni müharibə, yeni ərazi” iddiası reallaşsın. Tovuz döyüşləri də məhz bu iddianın sübutu idi. Faktiki olaraq ermənilər bizim strateji obyektlərimizə, bu ərazidən keçən boru kəmərlərinə nəzarəti ələ keçirmək istəyirdilər. Məlum olduğu kimi, Tovuzda döyüşlərin getdiyi ərazidə strateji qaz və neft kəmərlərinin haradasa 15-20 kilometr məsafəsi var. Azərbaycanı təhdid yolu ilə,  daim müharibə vəziyyətində saxlamaq yolu ilə Dağlıq Qarabağa status məsələsini reallaşdırmaq istəyi vardı. Lakin 15 iyulda xalq çıxıb müharibə istəyini ortaya qoydu. Bunu heç bir siyasi partiya, heç bir qeyri-hökumət təşkilatı təşkil etməmişdi. Dövlətin özü də bunu təşkil etməmişdi. Xalq özü artıq müharibə istəyirdi. 15 iyulda xalqın Milli Məclis qarşısına yığışaraq müharibə istəməsi bunun təzahürü idi. Prezident də xalqın rəyini nəzərə alıb 27 sentyabrda əks- hücum göstərişi verərək cəmi 44 gün ərzində müharibəni zəfərlə başa çatdırdı.

– 27 sentyabr Anım Gününün ictimai-siyasi, tarixi əhəmiyyəti nədən ibarətdir?

-27 sentyabr Azərbaycan xalqının təkcə zəfər günü deyil, bu həm də işğal altında olan ərazilərimizin geri qaytarılması ümidlərinin  başlanğıcıdır. Bu tarix  yüz illərlə parçalanmış ruhumuzun özünə dönməsi günüdür. 27 sentyabr insanların milli vəhdətinin təmin olunduğu bir gündür. Bildiyiniz kimi müharibə vaxtı Azərbaycan artıq bir vücudda idi. Milli vəhdət bir vücudda idi, xalq, ordu bir idi. Nə siyasi partiyalar, nə qeyri-hökumət təşkilatları, nə də kənardan maliyyələşən insanlar bunun qarşısında duruş gətirə bilmədilər. Çünki görürdülər ki, artıq xalq özü bunu istəyir. Siz də gördünüz ki, 27 sentyabrda başlayan müharibədə xalq orduya necə kömək göstərirdi. Bu baxımdan 27 sentyabr bizim dövlət dirçəlişimizin, həm də dövlət şüurunun başlanğıcı idi.

– Bu tarixin ölkədə milli birliyin təmin olunması, gənclərin vətənpərvərlik hissinin yüksəlməsində hansı rolu olacaq?

–   Hesab edirəm ki, 27 sentyabr Anım Günü olaraq dərsliklərə düşməli, təhsil ocaqlarında tədris edilməlidir. Çünki bu tarix 44 günlük zəfərin başlanğıcıdır. Gənclər bu kimi təbliğat vasitələri ilə böyüməlidirlər. Təsadüfi deyil ki, müharibə başlayan ilk gündə 52 partiya bəyanat verdi. Təsəvvür edin ki, həmin gün Azərbaycan, xalq ayağa durdu. Heç şübhəsiz ki, bu milli birliyin təzahürü idi. Xatırlayırsınızsa 1991- ci ildə bu birlik olmadı, məhz bu səbəbdən Azərbaycan ərazilərini itirdi. Həmişə demişəm ki, daxildə həmrəylik olmasa xarici düşmən üzərinə gedə bilmərik. Bu baxımdan 27 sentyabr sözün həqiqi mənasında milli birliyin başlanğıcıdır. Təbii ki, milli birliyin nəticəsi dövlətin inkişafı deməkdir. Bu gün də ona doğru gedirik. Vətənpərvərlik məsələsinə gəldikdə isə, o, təkcə Anım günləri ilə ölçülmür. Baxmayaraq ki, 27 sentyabr Anım Günü çox vacib məsələdir, ancaq vətənpərvərlik  daimi olmalıdır. Bu elə bir dinamik şəkildə olmalıdır ki, daima xatırlansın. Təhlil aparılsın, araşdırılsın ki, biz harda idik, hara gəldik.

– Siz çıxışlarınızda dəfələrlə demisiniz ki, 44 günlük Vətən mühadibəsi dünyanın düzənini dəyişəcək. Sizcə, Vətən müharibəsi dünya düzəninə hansı yenilikləri gətirdi?

– Məhz 27 sentyabrdan başlayaraq Türkiyə dünyada aparıcı dövlətlərdən birinə, Ərdoğan isə liderinə çevrildi. Zəfər günündən sonra isə Azərbaycan Cənubu Qafqazda, regionda aparıcı rol oynamağa başladı. Dövlətin də Ali Baş Komandanı Prezident İlham Əliyev  regionun liderinə çevrildi. Bunlar sıradan bir hadisələr deyil. Faktiki olaraq dünya düzəni dəyişdi. Mən hətta müharibə dövründə də televiziya çıxışlarımda qeyd etmişdim ki, bu müharibə dünya düzənini dəyişəcək. Belə də oldu, fikir verin, dünyada nələr baş verir. Avstraliya, Amerika, İngiltərə bir ittifaq yaratdı. Fransa NATO-dan kənarda bir ittifaq, konkret olaraq Avropa İttifaqının ordusunu yaratmaq istəyir. Bizdə də müharibədən dərhal sonra Şuşada Türkiyə-Azərbaycan bəyənnaməsi imzalandı. Milli Məclis səviyyəsində Pakistan-Azərbaycan-Türkiyə müqavilələri təsdiqləndi, birgə təlimlərə başlanıldı. Açıq-aydın görünür ki, artıq dünyanın düzəni dəyişir. Dünyanın düzəninin içində də Azərbaycan var. Geopolitika, geosiyasi məsələlər, geoekonomiya dəyişir ki, burada da Azərbaycanın payı var. Çünki Azərbaycan bu məsələlərdə önəmli rollardan birini oynayır. Müharibə təkcə bizim qələbə çalmağımızla bitmədi, müharibə hələ davam edir. Dünyanın hibrid müharibəsi başlayır ki, onun da əsasını biz qoyduq. Hibrid  müharibəsi dedikdə informasiya müharibəsi, texnologiya müharibəsi və canlı qüvvə başa düşülür. Hazırda dünya hibrid müharibəsinin əsaslarını Azərbaycandan öyrənməyə çalışır. Bax, 27 sentyabr bu kimi məsələlərə görə vacib tarixdir.

– Dediniz ki, dünya düzəni dəyişib, müharibə isə davam edir. Ermənistanda revanş qüvvələr mövcuddur, qonşu dövlətlərin də Azərbaycanın qələbəsinə münasibətləri bəllidir. Belə halda 27 sentyabr Anım Günü Ermənistanda revanş ünsürlərin qarşısını almaq istiqamətində “dəmir yumruq” rolunu oynaya biləcəkmi?

– Ermənistanın başı üzərində demokl qılıncını  daim gərginlkdə saxlamaq lazımdır ki, regionda yerini və rolunu anlasın. 27 sentyabr Azərbaycan xalqını ayaqda saxladı, bundan sonra da elə etmək lazımdı ki, Azərbaycan xalqı həmişə ayaqda qalsın. Hecə ki, Türkiyə ayaq üstədir, inkişafı da gedir, biz də daim ayaq üstə qalmalıyıq. Bizim bir xasiyyətimiz var, başımızı atdıq, yatdıq, qurtardı. Yəni bur unutqanlığımız var. Amma xalqı ayaq üstə saxlasaq şübhəsiz ki, dövlət inkişafda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image