image-reklam-veteninfo
image-1backend

56 avtomat və tüfəng, 185 axtarışda olan şəxs saxlanıldı – DETALLAR

image-reklam-veteninfo

Son 3 gün ərzində Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz silah saxlanılmasına və müxtəlif cinayət növlərinə qarşı mühüm nəticələr əldə olunub.

DİN-in yaydığı rəsmi məlumatlara əsasən, iyulun 4-7-ni əhatə edən əməliyyatlar zamanı ölkə üzrə ümumilikdə 169 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 38 cinayətin açılması təmin edilib.

Bu müddətdə axtarışda olan 192 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən 166 nəfər də polis tərəfindən saxlanılıb.

136 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

Əməliyyatların əsas istiqamətlərindən biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə olub. Rəsmi məlumatlara görə, iyulun 4-7-də keçirilən tədbirlər zamanı ümumilikdə 136,5 kiloqramdan çox narkotik vasitə, həmçinin 1979 ədəd metadon həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bununla yanaşı, təkcə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində daha 70 kiloqramdan artıq marixuana müsadirə edilib. Saxlanılan şəxslərin narkotikləri paytaxtın müxtəlif ünvanlarına çatdıraraq satışını təşkil etməyi planlaşdırdıqları bildirilib.

Polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlı da tədbirlər davam etdirilib. 3 gün ərzində 36 min 177 ədəd xaş-xaş və çətənə kolu, ümumi çəkisi təxminən 9 ton olan yabanı narkotik tərkibli bitkilər aşkarlanaraq məhv edilib.
Bundan başqa, Şirvan şəhərində keçirilən əməliyyat zamanı bir nəfərin həyətindən aqrotexniki qaydada yetişdirilən 22 ədəd çətənə kolu və 10 kiloqrama yaxın marixuana aşkarlanıb. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar zamanı qanunsuz saxlanılan silah-sursat da aşkarlanaraq götürülüb. İyulun 7-də keçirilən tədbirlər zamanı 11 avtomat, 3 tapança, 4 qumbara, 38 tüfəng, 14 patron darağı, 149 patron müsadirə olunub.

Əvvəlki günlərdə isə əlavə olaraq bir neçə tüfəng və müxtəlif çaplı patronlar aşkarlanıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərdə yerləşən obyektlərdən birindən 34 min manat dəyərində mis naqil oğurlayan üç nəfəri saxlayıblar. Araşdırma zamanı müəyyən edilib ki, onlar oğurladıqları naqilləri metal qəbulu məntəqələrinə satıblar. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Polisin keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 41 nəfərin yeri müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki