ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Vaşinqton bu dəfə ölkənin aviasiya sektorunu hədəfə alıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni sanksiyalar ümumilikdə 36 şirkət və qurumu əhatə edir.
Vətəninfo.az xəbər verir ki, sanksiya siyahısına ATA, Chabahar, Iran Air Tour, Aseman, Kish, Karun, Qeshm, Sepehran, Taban, Zagros, Varsh və FlyPersia daxil olmaqla 10-dan çox İran aviaşirkəti salınıb.
Məhdudiyyətlər yalnız İran şirkətləri ilə məhdudlaşmır. BƏƏ, Qazaxıstan və Malayziyada fəaliyyət göstərən bir sıra şirkətlər də sanksiyalara məruz qalıb.
ABŞ Maliyyə Nazirliyi həmin şirkətləri İranın aviasiya sektoruna, o cümlədən “Mahan Air”ə ehtiyat hissələri və logistika xidmətlərinin göstərilməsində iştirak etməkdə ittiham edib.
Vaşinqtonun məlumatına görə, sanksiyaya məruz qalan şirkət və qurumlar İranın silah, hərbi personal və hərbi yüklərin daşınmasında istifadə etdiyi logistika şəbəkəsinin fəaliyyətinə dəstək verib.
Yeni sanksiyalarla ABŞ İranın aviasiya və logistika sektoruna təzyiqi daha da artırıb.


























