image-reklam-veteninfo
image-rhacmckkscjgoiefbackend

ABŞ İranı gəmilərlə mühasirəyə alır

image-reklam-veteninfo

ABŞ Hərbi Dəniz Qüvvələri İran yaxınlığında yerləşdirilən hərbi dəniz qüvvələrinin sayını artıraraq bölgədə 17 hərbi gəmidən ibarət güclü zərbə qrupunu hazır vəziyyətdə saxlayır.

Vətəninfo.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatına görə, Ərəbistan dənizində yerləşən bu qrup İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyat zamanı istifadə oluna biləcək qüvvələrdən ibarətdir.

Qrupun tərkibində 100-dən çox döyüş təyyarəsi daşıyan iki nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi – “Avraam Linkoln” və “Corc Herbert Uoker Buş” yer alır. Bundan əlavə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sərəncamında bir idarə olunan raket kreyseri və 1600 kilometrədək mənzilli “Tomahavk” qanadlı raketləri ilə silahlanmış 11 esmines mövcuddur.

Hərbi qrupun tərkibinə həmçinin dəniz ekspedisiya batalyonu, şaquli qalxma və eniş imkanına malik qırıcı təyyarələr, atəş dəstəyi və nəqliyyat helikopterləri, eləcə də üç böyük desant gəmisi daxildir. “Tomahavk” qanadlı raketləri ilə silahlanmış bir neçə hücum sualtı qayığı da bölgədə döyüş növbətçiliyi aparır.

Məlumata görə, CENTCOM-un Hind okeanında daha üç, Qırmızı dənizdə isə bir raket esminesi yerləşir. Bildirilir ki, ötən cümə gününədək bu qrupun gəmiləri və təyyarələri iki həftə ərzində İrana gündəlik zərbələr endirib.

Bu arada ABŞ Prezidenti Donald Tramp Axios nəşrinə müsahibəsində bildirib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ ordusu İrana qarşı hərbi əməliyyatları bərpa edəcək.

“İranla çox ciddi danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, çox güclü hərbi əməliyyatlara qayıdacağıq”, – deyə Tramp bildirib.

Diplomatik prosesə nə qədər vaxt verməyə hazır olduğu ilə bağlı suala cavabında ABŞ Prezidenti deyib: “Bir az vaxt. Ya hər şey tez baş verəcək, ya da heç baş verməyəcək.”
Donald Tramp həmçinin qeyd edib ki, Vaşinqton və Tehran arasında vasitəçilik edən ölkələrin müraciətindən sonra İrana qarşı planlaşdırılan zərbələrin müvəqqəti dayandırılması barədə göstəriş verib.
“Biz heç nə qazanmadıq və heç nə itirmədik”, – deyə ABŞ Prezidenti əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki