ABŞ Livan ordusu və təhlükəsizlik qüvvələrinə 72 milyon dollar maliyyə yardımı edəcək. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ-ın Livandakı səfiri Doroti Şea BMT-nin nəzdində Livanın paytaxtı Beyrutda keçirilən iclasında bildirib. İclasda Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək məsələsi müzakirə edilib.
Görüşdən sonra Şea Livan Ordusunun Baş Qərargah rəisi general-leytenant Cozef Avn və Livan Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor İmad Osman ilə ABŞ-ın təhlükəsizlik qüvvələrinə təklif edəcəyi dəstək barədə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransındakı çıxış edən Şea deyib: “ABŞ Konqresi təhlükəsizlik yardımının böyük bir hissəsini Daxili Təhlükəsizlik Qüvvələri və Livan Ordusuna verilməsi ilə bağlı qərar qəbul edib”.
Yardım çərçivəsində hərbçilərə aylıq ödəniş ediləcəyini bildirən Şea deyib:”Təhlükəsizlik işçilərinə 6 ay müddətində cəmi 72 milyon dollar maliyyə yardımı ediləcək”.
Livan xüsusilə 2019-cu ildən bəri ciddi iqtisadi böhranla mübarizə aparır. Livan Mərkəzi Bankında dollar likvidliyi problemi və valyuta ehtiyatlarının əriməsi ölkədə digər ciddi böhranların yaranmasına səbəb olub.


























