Vətəninfo.az xəbər verir ki, ABŞ Senatına “STOP China and Russia Act” adlı qanun layihəsi təqdim edilib. Sənəd Çin Xalq Respublikasına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsində Pekinin Rusiya Federasiyasının Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyata (SVO) iddia edilən dəstəyinə görə məsuliyyət daşıdığı bildirilir.
Sənədə əsasən, Ağ Evə 180 gün müddətində Çinin Ukraynanın ərazi bütövlüyünün pozulmasına səbəb ola biləcək addımlar atıb-atmadığını müəyyənləşdirmək tapşırılır. Əgər bu təsdiqlənərsə, ABŞ administrasiyası Çin şirkətləri və banklarına qarşı sərt sanksiyalar tətbiq etməyə məcbur olacaq.
Təklif olunan sanksiyalar çərçivəsində Çin təşkilatlarının aktivlərinin dondurulması, ABŞ maliyyə sisteminə çıxışın məhdudlaşdırılması və texnologiya ixracına qadağalar nəzərdə tutulur.
Qanun layihəsinə görə, bu sanksiyalar azı bir il qüvvədə qalacaq və yalnız Çin Rusiyaya dəstəyi dayandırdıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən tam şəkildə çıxdıqdan sonra ləğv oluna bilər.