image-bez-nazvaniyabackend

ABŞ və Suriya müxalifəti Ərdoğan-Əsəd yaxınlaşmasından narazıdır

image-reklam_sirab_01

Suriyanın siyasi və silahlı müxalifəti Ankara və Dəməşq arasında yüksək səviyyədə görüşlər keçirildikdən sonra Türkiyəni Suriya müxalifətinə sədaqətini bir daha təsdiqləməyə çağırıb.

Türkiyə Suriyada 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri bu ölkənin Bəşər əl-Əsəd hökumətinə qarşı döyüşən müxalifətinə dəstək verib.

Reuters yazır ki, Ankara əksəriyyətini islamçılar təşkil edən Suriya müxalifətinə Dəməşq hökumətinə qarşı mübarizə üçün təlim və hərbi dəstək verib.

Lakin ötən ilin son günlərində Moskvada görüşən Türkiyə və Suriya müdafiə nazirləri miqrasiya və Türkiyə ilə sərhəddə yerləşən Suriya kürd silahlılarının məsələsini müzakirə ediblər.

Bu görüş Suriyanın silahlı və siyasi müxalifətinin ciddi narahatlığına səbəb olub.

Radikal Həyat Təhrir əş-Şəm qruplaşmasının lideri həftənin əvvəlində yayılmış videomüraciətində deyib ki, Suriya, Rusiya və Türkiyə arasında danışıqlar “təhlükəli dəyişiklikdir”.

Əhrar əş-Şəm adlı başqa bir islamçı qruplaşma isə bildirib ki, “müttəfiq Türkiyənin vəziyyəti başa düşülən olsa da”, Ankara Suriya hökuməti ilə barışığı “heç ağlına da gətirməməlidir”.

Ankara Suriya müxalifətini sakitləşdirmək istəyib

Ankara isə öz növbəsində müdafiə naziri Hulusi Akarın dili ilə bildirib ki, Türkiyə Suriyanın islamçı müxalifətinə problem yaradacaq heç bir addım atmayacaq:

“Onlar hər hansı təxribat və ya saxta xəbərlərə uyaraq mövqelərini dəyişməməlidirlər”.

Suriya müxalifətini birləşdirən Suriya Milli Koalisiyası (SMK) yanvarın 3-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Müxalifətin Türkiyə tərəfindən dəstəklənən hökumətinin başçısı Əbdürrəhman Mustafanın dediyinə görə Çavuşoğlu Türkiyənin Suriya müxalifət təşkilatlarına və Suriya müxalifətinin nəzarətində olan ərazilərə dəstəyinin davam edəcəyinə vəd verib.

Ankara Dəməşqdən nə istəyib?

Reuters yazır ki, Türkiyə və Suriya rəsmiləri arasında Moskvada keçirilən danışıqlarda əsasən Suriya kürdlərinin YPG xalq müdafiəsi dəstələrinin məsələsi müzakirə olunub.

Agentlik bir vəzifəli Türkiyə rəsmisinə istinadla yazır ki, Ankara qiyamçı dəstələrin reaksiyalarından xəbərdardır, amma “Türkiyə öz siyasətini özü müəyyən edir”.

O əlavə edib ki, nazirlərin ilk görüşündən nəsə nəticə gözləmək düzgün olmazdı.

Rəsmi bunu da deyib ki, Ankara Moskva danışıqlarında Dəməşqdən YPG-ni terrorçu təşkilat kimi tanımasını istəyib.

Türkiyə Suriya kürdlərinin YPG qruplaşmasına Kürdüstan İşçi Partiyası – PKK-nın qolu kimi baxır.

PKK Avropa İttifaqında və ABŞ-da terrorçu təşkilat kimi tanınır.

Ərdoğan Əsədə “terrorçu” demişdi

Reuters yazır ki, hələ bu yaxınlaradək Türkiyə-Suriya yaxınlaşması ağlasığmaz bir hadisə hesab olunurdu.

Prezident Recep Tayyip Ərdoğan Bəşər əl-Əsədi “terrorçu” adlandırmış və demişdi ki, o vəzifədə olan müddətdə Suriya hökuməti ilə heç bir danışıqlar ola bilməz.

Əsəd isə öz növbəsində Ərdoğanı Suriya torpağını qəsb etməkdə ittiham etmişdi.

Buna baxmayaraq ötən il iki ölkənin təhlükəsizlik rəhbərlərinin görüşməsi, müdafiə nazirlərinin sammitinə yol açıb.

Bu arada Birləşmiş Ştatlar yanvarın 3-də bütün ölkələrə müraciət edərək onları “qəddar Bəşər əl-Əsədə bəraət verməzdən əvvəl yaxşıca düşünməyə çağırıb”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) jurnalistlərlə görüşündə deyib:

“Biz qəddar diktator Bəşər əl-Əsədlə münasibətlərini yaxşılaşdıran və ya ona bəraət verilməsini ifadə edən ölkələri dəstəkləmirik. Biz həmin ölkələri son 12 ildə Əsəd rejiminin dəhşət doğuran insan haqları pozuntularına və indi də Suriya xalqına qarşı vəhşiliklər edən və onun humanitar yardım üçün yolunu kəsən hərəkətlərinə diqqət yetirməyə çağırırıq”.

Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilə etməklə qüvvələr nisbətini artıq hakimiyyətini itirməkdə olan Əsədin xeyrinə dəyişib.

Bundan sonra Moskva Dəməşq rejiminə dəstək verərərk Suriya müxalifətinin nəzarətində olan ərazilərə hava zərbələri endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki