Ağ Ev ABŞ Prezidenti Donald Trampı məşhur “Zelda Əfsanəsi” video oyun seriyasının qəhrəmanı obrazında təqdim edib.
Vətəninfo.az xəbər verir ki, Ağ Ev sosial media hesablarında Yaponiyanın “Nintendo” şirkətinin yaratdığı kult video oyun kainatının üslubunda hazırlanmış video yayımlayıb. 1986-cı ildə əsası qoyulan “Zelda Əfsanəsi” bu günədək çoxsaylı əsas oyun və əlavə layihələrlə dünyanın ən tanınmış video oyun seriyalarından birinə çevrilib.
Ağ Evin paylaşdığı videoda isə xüsusilə seriyanın 1998-ci ildə təqdim olunan “Zelda Əfsanəsi: Zaman Okarinası” versiyasının üslubundan istifadə edilib.
Videonun giriş hissəsi klassik oyunun qrafikasına uyğun hazırlanıb və yeni layihə “Tramp Əfsanəsi” adlandırılıb. Kadrlarda Donald Tramp oyunun baş qəhrəmanı obrazında təqdim olunur və tamaşaçılar onun Ağ Evin qarşılaşdığı müxtəlif problemləri həll etməsini izləməyə dəvət edilir.
Videoda Trampın fəaliyyəti də xüsusi vurğulanır:
“Prezident Tramp Amerikanı yenidən böyük etmək üçün yorulmadan çalışır”.
Paylaşım sosial şəbəkələrdə ABŞ administrasiyasının siyasi mesajlarını populyar mədəniyyət elementləri ilə birləşdirməsi baxımından diqqət çəkib.


























