Ağstafa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının veteranı Abbasov Akif Abbas oğlunun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin (Qazax filialı) riyaziyyat kafedrasının müdiri Hüseyn Xəlilov, ailə üzvü Vaqif Abbasov, veteran partiyaçı Əli Əliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar. Qeyd olunub ki, Akif Abbasov uzun illər partiya ideyalarının təbliği və ictimai fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm töhfələr verib. Ağstafa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası tərəfindən yubilyara Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib.
Sonra partiya veteranı Akif Abbasov çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.



























