Oktyabrın 7-dən etibarən start götürən Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub. Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını təmsil edən şəhid ailələrinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin, habelə aidiyyəti dövlət qurumlarının rəsmi şəxslərinin iştirakı ilə təşkil olunan tədbir “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin inzibati binasıtnda keçirilib.
Zəfər Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatıarı ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi qonaqlar iştirak ediblər.
Forum iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, “Şəhid” Memorial Abidə Kompleksini ziyarət ediblər.
Forum keçirildiyi məkanda Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.
Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açaraq növbəti Zəfər Forumunun Ağstafada keçirilməsindən məmnunluq duyduğunu bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı tarixi Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən geniş söz açıb.
Prezident Administrasiyasının əməkdaşı Vüsal Quliyev çıxış edərək Vətən müharibəsinin qələbəsinin Azərbaycan xalqının birliyinin Zəfər simvolu olduğunu söyləyərək Prezident İlham Əliyevin diplomatik cəbhədə də ölkə maraqlarını məharətlə və qətiyyətlə müdafiə etdiyini qeyd edib. O, Zəfər Forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağını bildirib.
Forumda iştirak edən rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.
Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib. Sonda forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, onlar xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.
Xatırladaq ki, növbəti forumlar Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.