Yubiley tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunub. Ağstafa RİH başçısı Seymur Orucov yubilyarı Ağstafa rayonunun ictimai-siyasi fəaliyyətində fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyəsi ilə təltif edib.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Hüseyn Arif Əbədi Məclisinin sədri Saqif Qaratorpaq, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Rüfət Axundlu ölkəmizdə mədəniyyət işçilərinə göstərilən yüksək dövlət qayğısından, eyni zamanda, Gülgün Kərimovun uzun illər rayonun mədəniyyət sahəsində göstərdiyi yüksək xidmətlərdən söz açıblar. Qeyd olunub ki, G.Kərimov işlədiyi müddət ərzində musiqi, özfəaliyyət kollektivlərinin təşkili, mədəni-kütləvi tədbirlərin hazırlanması, milli dəyərlərin qorunması və təbliğində fəal iştirak etmiş, istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, yerli və respublika əhəmiyyətli müsabiqə və festivalların keçirilməsinə rəhbərlik etmişdir. Eyni zamanda həmin dövrlərdə Ağstaf rayon Tarix-Diyarşünaslıq muzeyi, Xalq şairi Hüseyn Arifin ev muzeyi, Ağstafa Dövlət Rəsm Qaleriyasının yaradılması ideyasını irəli sürmüş, sözügedən muzeylərin fəaliyyətə başlaması üçün binaların təşkili, eksponatların toplanması, tərtibat işlərinin görülməsini təmin etmişdir.
Öz növbəsində Gülgün Kərimov bildirib ki, 18.06.2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə onun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi, dövlətimiz tərəfindən ümumilikdə bu sahədə çalışan ağstaflılara göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda yubilyarla xatirə şəkli çəkdirilib.