Almaniya Xarici İşlər Nazirliyi yəhudi icmasının tanınmış nümayəndələrinə qarşı hücumların planlaşdırılması ilə bağlı məhkəmə qərarından sonra İranın Berlindəki səfirini nazirliyə çağırıb.
Vətəninfo.az “Iran International”a istinadən xəbər verir ki, Berlin baş verənlərlə bağlı Tehrana sərt etirazını bildirib və Almaniyanın azad cəmiyyətinə qarşı təhdidlərə yol verilməyəcəyini vurğulayıb.
Məsələ Hamburq Ali Məhkəməsinin İranın xeyrinə casusluq etməkdə və Almaniyadakı yəhudi icmasının tanınmış nümayəndələrinə qarşı mümkün hücumları planlaşdırmaqda təqsirli bilinən iki nəfərlə bağlı qərarından sonra gündəmə gəlib.
Məlumata əsasən, məhkəmə işində həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri ilə əlaqəli fəaliyyət göstərdikləri bildirilib.
Hücum planlarının ehtimal olunan hədəfləri arasında Almaniyadakı Yəhudilər Mərkəzi Şurasının prezidenti Yozef Şuster və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Folker Bekin də adları çəkilib.
Almaniya tərəfinin diplomatik addımı ölkədə yəhudi icmasının təhlükəsizliyi və xarici dövlətlərlə əlaqəli olduğu iddia edilən fəaliyyətlərə dair narahatlıqlar fonunda atılıb.


























