Aprelin 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının 35 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri əsasları və ideoloji xətt” mövzusunda respublika elmi konfransı keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA əməkdaşları ilə yanaşı, ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış politoloq və siyasi şərhçilər, tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın həm elmi, həm də ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş konfransı müstəqil dövlətçilik tariximizin əsas mərhələlərinin elmi müstəvidə təhlili baxımından mühüm platforma kimi dəyərləndirib. Qeyd edib ki, bu konfrans yalnız tarixi faktların xatırlanması deyil, eyni zamanda müstəqil dövlətçilik ideyasının siyasi-nəzəri əsaslarının dərindən öyrənilməsi üçün əhəmiyyətli tədbirdir.
Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan xalqının müstəqillik idealları uğrunda apardığı mübarizənin tarixindən bəhs edərək bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə mühüm bir mərhələni təşkil edib. AXC müasir Azərbaycan dövlətinin siyasi, hüquqi və ideoloji əsaslarını formalaşdırıb, milli müstəqillik düşüncəsinin təməlini qoyub.
AMEA rəhbəri müstəqil dövlətçilik ideyasının qorunması, şaxələndirilməsi və real siyasi xəttə çevrilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Sovet İttifaqının milli kimlikləri sıxışdırdığı bir dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi azərbaycançılıq ideologiyasının yaşadılması baxımından əhəmiyyətli tarixi hadisə olub.
Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpası və möhkəmləndirilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən fəaliyyəti nəticəsində mümkün olub. Heydər Əliyev Moskvada fəaliyyət göstərdiyi dövrdə belə Azərbaycanın Milli Azadlıq Hərəkatına ideoloji və siyasi dəstək verib, bu mübarizənin qaçılmaz olduğunu açıq şəkildə bəyan edib.
Xüsusilə 20 Yanvar hadisələri zamanı Heydər Əliyevin həyatını riskə ataraq verdiyi bəyanatın əhəmiyyətini vurğulayan AMEA prezidenti qeyd edib ki, həmin çıxış yalnız Azərbaycan üçün deyil, bütövlükdə keçmiş Sovet məkanında müstəqillik ideyasının açıq siyasi bəyanı kimi tarixə düşüb.
“Azərbaycan xalqı üçrəngli bayrağı Sovet İttifaqı dağılmamışdan əvvəl siyasi səviyyəyə qaldıran Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq”, – deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan bütün sahələr üzrə inkişaf etmiş, beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilmişdir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir.
O, otuz ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının müasir tariximizin ən mühüm və şanlı mərhələlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq arenada apardığı prinsipial siyasət və Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər Azərbaycanın regionda və dünyada artan geosiyasi rolunu aydın şəkildə nümayiş etdirir.
AMEA rəhbəri dövlət başçısının qalib xalqın qalib lideri kimi dünya liderləri arasında xüsusi nüfuza malik olduğunu deyərək vurğulayıb ki, Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal sülh və təhlükəsizlik məsələlərində aparıcı mövqeyini bir daha təsdiqləyib.
Akademik İsa Həbibbəyli dövlət müstəqilliyimizin 35 illiyinə həsr olunmuş bugünkü konfransın müstəqillik tariximizin yenidən, daha dərindən və elmi əsaslarla öyrənilməsinə ciddi təkan verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan alimləri humanitar və ictimai elmlərin bütün sahələri üzrə azərbaycançılıq ideologiyası prizmasından bu istiqamətdə fundamental tədqiqatlar aparmalı, dissertasiya və monoqrafiyalarla elmi ictimaiyyətə töhfə verməlidirlər.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Yeni reallığı şərtləndirən siyasət” mövzusunda məruzə ilə çıxış edib.
Asif Usubəliyev AMEA-nın bu mövzuya müraciət etməsini olduqca önəmli və sevindirici hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, yeni siyasi reallıqların elmi müstəvidə müzakirəyə çıxarılması müxtəlif yanaşmaların formalaşmasına şərait yaradır. Məruzəçi bu mövzunun şərhi üçün çoxsaylı nəzəri və praktiki baxışların mövcud olduğunu söyləyib.
O, bugünkü tədbirin gələcək proseslərin başlanğıcı kimi qiymətləndirilməsinin zəruriliyinə toxunaraq vurğulayıb ki, cəmiyyəti narahat edən problemlərin müzakirəsi və onların həlli mexanizmlərinin axtarışı məhz bu kimi elmi platformalarda aparılmalıdır.
“Siyasi nəzəriyyələr və elmi yanaşmalar ölkənin dayanıqlı inkişafını təmin edən əsas intellektual dayaqlardan biridir”, – deyən Asif Usubəliyev bildirib ki, ideologiya millətin inkişafını təmin edən əsas şərtlərdən biridir və strateji baxımdan tükənməz intellektual resurs kimi çıxış edir. Onun sözlərinə görə, qlobal miqyasda baş verən istənilən siyasi və ideoloji tendensiyalar fonunda milli maraqların qorunması və müqavimət qabiliyyətinin formalaşdırılması məhz ideoloji dayanıqlıqdan asılıdır. Bu prosesdə elmin aparıcı rol oynadığını qeyd edən məruzəçi bildirib ki, elmi biliklərin cəmiyyətə düzgün şəkildə inteqrasiyası və bu istiqamətdə birgə, ardıcıl addımların atılması zəruridir.
Məruzəçi ölkə daxilində müasir siyasi prosesləri səciyyələndirən əsas xüsusiyyətlərdən birinin siyasi dialoq olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, siyasi dialoq bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin aparıcı və strateji istiqamətlərindən birini təşkil edir.
Asif Usubəliyev vurğulayıb ki, siyasi dialoq yalnız qarşılıqlı ünsiyyət mexanizmi deyil, eyni zamanda cəmiyyətdə ideoloji həmrəyliyin təmin olunmasına xidmət edən mühüm siyasi alətdir. Siyasi müxtəlifliyin qorunması demokratik inkişafın əsas şərtlərindən biridir və siyasi dialoq məhz bu müxtəlifliyin sağlam şəkildə saxlanılmasını, fərqli baxışların konstruktiv müstəvidə uzlaşdırılmasını təmin edir.
Sektor müdiri əlavə edib ki, siyasi dialoqun institusional əsaslarla inkişaf etdirilməsi cəmiyyətin sabitliyinin möhkəmləndirilməsinə, milli birliyin güclənməsinə və uzunmüddətli siyasi dayanıqlığın təmin olunmasına xidmət edir.
Onun sözlərinə görə, hər bir ölkənin davamlı inkişafında, beynəlxalq nüfuzunun artmasında və effektiv siyasət yürütməsində dövlət başçılarının və siyasi liderlərin rolu həlledici əhəmiyyət daşıyır. Məhz onların strateji düşüncəyə əsaslanan idarəçilik bacarığı mənsub olduqları dövlətin yüksəlişini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal miqyasda qəbul edilən nüfuzlu siyasi liderlərdən və görkəmli dövlət xadimlərindən biri kimi tanınır.
Asif Usubəliyev qeyd edib ki, dövlət başçısının siyasi fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun açıq və prinsipial mövqeyə malik olmasıdır. O, beynəlxalq və regional məsələlərlə bağlı mövqeyini açıq şəkildə ifadə etməkdən çəkinmir və sərt bəyanatlarının arxasında daim milli maraqlar dayanır. Bu siyasi xəttin əsas məqsədi ölkə daxilində sabitliyin və milli həmrəyliyin qorunub saxlanılmasıdır.
“Milli həmrəyliyin möhkəmləndirilməsi yalnız siyasi qərarlarla deyil, eyni zamanda cəmiyyətdə sağlam ideoloji mühitin formalaşdırılması ilə mümkündür”, – deyən məruzəçi əlavə edib ki, bu baxımdan siyasi ideologiya cəmiyyəti birləşdirən, müxtəlif baxışları ümumi milli maraqlar ətrafında uzlaşdıran əsas mexanizmlərdən biri kimi çıxış edir. İdeoloji əsaslara söykənən siyasət milli birliyin qorunmasına, ictimai sabitliyin təmin olunmasına və dövlətin uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılmasına xidmət edir.
Tədbirdə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov “Azərbaycan Respublikasının Cənubi Qafqaz regional siyasəti”, Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova “İntellektual elitanın cəmiyyətin modernləşməsində rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Siyasi elm, fəlsəfə və ideoloji xətt problemi”, həmin institutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Azərbaycan-İran münasibətləri dəyişən dünya nizamı şəraitində”, şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycanda süni intellekt strategiyası və elmin inkişafına təsiri”, şöbə müdiri, professor Rəna Mirzəzadə “Azərbaycanda birinci vitse-prezidentlik – innovativ siyasi-idarəetmə institutudur”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev “Dövlət suverenliyinin konstitusion-hüquqi əsasları və dialoq problemi” və Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov “Siyasi dialoqda elmin rolu və cəmiyyətin inkişaf perspektivləri” mövzusunda məruzələrini təqdim ediblər.
Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında “Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri, fəlsəfi, sosioloji və ideoloji əsasları”, “Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinə konseptual baxış”,.” Vətən müharibəsində Zəfəri şərtləndirən amillər və suverenliyə aparan yol xəritəsi”, “Müasir Azərbaycanın “yumşaq güc” siyasəti: mədəni, ictimai və gender komponentləri”, “Azərbaycan Respublikasının süni intellekt strategiyası və elmi inkişaf istiqamətləri” və “Azərbaycanın siyasətində dialoq və çoxpartiyalılıq” adlı məruzələr dinlənilib, müzakirələr aparılıb.


























