Heydər Əliyev Mərkəzində “44” filminin premyerasında iştirak etdik. Film başa çatsa da, həmin gecənin yaratdığı duyğular hələ də qəlbimdədir. Bir-birinə qarışmış hisslərimin bir hissəsini qələmə almaq istədim.
Bəzi filmləri izləyib salondan ayrılırsan, bəziləri isə səninlə birlikdə oradan çıxır və uzun müddət qəlbində yaşayır. “44” mənim üçün məhz belə bir filmdir. Çünki ekranda gördüklərimiz bizə yad deyil. Bu, Azərbaycan xalqının qanı, canı, iradəsi və misilsiz qəhrəmanlığı bahasına qazandığı Zəfərin hekayəsidir.
44 günlük Vətən müharibəsi xalqımızın tarixində əbədi yaşayacaq ən şərəfli səhifələrdən biridir. Bu Zəfəri rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi qəhrəmanlıq, Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə həyata keçirilən strategiya və bir yumruq kimi birləşən xalqımızın sarsılmaz iradəsi tarixə yazdı.
Lakin həmin Qələbəyə aparan yol şəhidlərimizin qanından, qazilərimizin fədakarlığından, analarımızın dualarından və minlərlə ailənin göz yaşlarından keçdi. “44” filmi də məhz bu tarixi bütün ağrısı və qüruru ilə gələcək nəsillərə çatdıracaq bir ekran əsəridir.
Ekranda canlanan tarix
Müharibə haqqında film çəkmək sadəcə döyüş səhnələrini canlandırmaq deyil. Burada ən böyük məsuliyyət o günlərin ruhunu, insanların yaşadıqlarını və hər qəhrəmanlığın arxasında dayanan insan taleyini tamaşaçıya hiss etdirməkdir.
Filmi izləyərkən döyüş səhnələrinin miqyası, aktyorların ifası və hadisələrin gerçəkliyə yaxın canlandırılması insanda güclü təəssürat yaradır. Bir müddətdən sonra ekranda gördüklərini sadəcə kino səhnələri kimi qəbul etmirsən. Sanki özünü həmin hadisələrin içində görür, döyüş meydanındakı əsgərlərimizin yaşadıqlarını daha dərindən anlamağa başlayırsan. Onların çiyinlərinə düşən məsuliyyəti, hər an üzləşdikləri təhlükəni, arxada qoyduqları ailələrini və yolunu gözləyən doğmalarını düşünürsən.
Bayrağımızın dalğalanmasını görəndə qürur duyursan, amma həmin bayraq uğrunda canından keçən igidlərimizi xatırlayanda ürəyin ağrıyır. Qələbəmizə sevinərkən bu günləri bizə yaşadan, amma sevincimizi bizimlə bölüşə bilməyən qəhrəmanlarımızı düşünürsən. Eyni anda həm gülümsəyir, həm ağlayırsan. Çünki bu Zəfərin arxasında yarımçıq qalan ömürlər, həyata keçməyən arzular və bir daha doğmalarına qovuşmayacaq insanlar dayanır.
İntiqam, yoxsa suverenlik mübarizəsi?
“44” filminin mənim üçün ən dəyərli cəhətlərindən biri də onun nə müharibəyə çağırış, nə də intiqam hekayəsi olmasıdır. Bu, 30 ilə yaxın davam edən erməni işğalından sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda apardığı mübarizənin, xalqımızın öz torpaqlarını azad etmək yolunda göstərdiyi qəhrəmanlığın ekran salnaməsidir. Bütün bu illər ərzində yaşanan ağrılara və itkilərə baxmayaraq, filmdə erməni xalqına qarşı nifrət, hədə və ya alçaldıcı münasibətə yer verilmir. Əksinə, diqqət əsgərlərimizin cəsarətinə, xalqımızın sarsılmaz iradəsinə, Vətən sevgisinə və fədakarlığına yönəlir.
Məncə, filmin mənəvi böyüklüyü də məhz bundadır. O, başqalarına nifrət üzərində deyil, öz torpağına, tarixinə və milli kimliyinə sonsuz bağlılıq üzərində qurulub. Müharibənin ən ağır səhnələrini canlandırarkən belə, insan həyatının dəyərini, doğma yurda qovuşmaq arzusunu və sülh içində yaşamağın nə qədər qiymətli olduğunu unutdurmur. “44” bizə yalnız Zəfərin hansı fədakarlıqlar bahasına qazanıldığını deyil, həm də həmin Zəfərin gələcək nəsillərə bəxş etdiyi sülhün və əmin-amanlığın dəyərini hiss etdirir.
Şəhid analarının film haqqında düşüncələrini dinləmək çox təsirli idi…
Onların danışdıqlarını dinləyərkən bir daha anladım ki, bizim ekranda izlədiyimiz hadisələr onlar üçün öz həyatlarının ən ağrılı xatirələridir. Bu duyğuları sözlə ifadə etmək, bəlkə də, mümkün deyil.
Bir şəhid anası üçün müharibə sadəcə tarixdə qalan 44 gün deyil. Bu, evdən son dəfə çıxan övladının xatirəsi, bir daha eşidilməyəcək səsin həsrəti və ömür boyu ürəkdə daşınacaq ağrıdır. Biz ekranda qəhrəman görürük, amma o ana həmin qəhrəmanın uşaqlığını, ilk addımlarını, böyüyüb Vətənə xidmətə yollandığı günü xatırlayır. Biz onun cəsarətinə heyran qalırıq, o ana isə hamının qəhrəman kimi tanıdığı həmin əsgərdə bir vaxtlar qucağında böyütdüyü doğma balasını görür və onun yoxluğunu bir daha bütün ağırlığı ilə hiss edir.
Ona görə də analardan “Mənim övladımın hekayəsidir” sözlərini eşitmək hər cür tərifdən daha təsirli idi.
“44” şəhid analarının ürəyindəki alova səpilən bir ovuc sərinlikdir. Heç bir film övlad itkisini unutdura, o boşluğu doldura bilməz. Amma bir ana üçün övladının unudulmadığını, onun qəhrəmanlığının yaşadığını, adının xalqın yaddaşında əbədi qalacağını bilmək böyük mənəvi təsəllidir. Məncə, filmin ən böyük uğurlarından biri də məhz budur.
Sanki heç kəs oturmağa cəsarət etmirdi…
Filmin sonunda yaşananları isə uzun müddət unutmayacağam.
Hamı ayağa qalxmışdı. Alqışlar səngimək bilmirdi. Ürəklərdə yığılan minnətdarlıq, qürur, ehtiram və kövrəklik sanki bir anda üzə çıxmışdı. Tamaşaçılar şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına, şəhid analarına və Azərbaycan xalqının Zəfərinə ehtiram göstərirdilər.
O an anladım ki, bu alqışlar sadəcə bir filmə verilən qiymət deyil, illərdir ürəyimizdə daşıdığımız, sözlə ifadə etməkdə çətinlik çəkdiyimiz bütün duyğuların ən səmimi ifadəsi idi.
Həmin an sanki Vətən uğrunda canından keçən igidlərimizin müqəddəs ruhları da zalda, bizimlə birlikdə idi.
Hamı ayaq üstə idi… Sanki heç kəs o müqəddəs ruhların qarşısında oturmağa özündə cəsarət tapmırdı…
Böyük zəhmətin və mənəvi məsuliyyətin bəhrəsi
Belə bir ekran əsərinin ərsəyə gəlməsi yalnız peşəkarlıq deyil, həm də tariximizə və qəhrəmanlarımızın xatirəsinə qarşı böyük mənəvi məsuliyyət tələb edir. Bu baxımdan filmin bədii rəhbəri və ssenari müəlliflərindən biri olan Anar Ələkbərovun əməyini xüsusi qeyd etmək istəyirəm. Çünki xalqımızın taleyində silinməz iz qoymuş 44 günün ağrısını, qürurunu və qəhrəmanlığını ekrana daşımaq olduqca məsuliyyətli bir işdir.
Bu filmin hər səhnəsinin arxasında beş illik gərgin zəhmət, böyük fədakarlıq və minlərlə insanın əməyi dayanır. Təkcə çəkilişlər 14 ay davam edib, 130-dan çox məkanı əhatə edib. 455 nəfərlik daimi heyətin çalışdığı layihədə 2500-dən çox hərbçi iştirak edib, 13 ölkədən mütəxəssislər cəlb olunub. Döyüş səhnələrinin canlandırılmasında 513 hərbi texnika və xüsusi təyinatlı avadanlıqdan, 300 min patrondan istifadə edilib. Bütün bu zəhmətin nəticəsində 112 saatlıq çəkiliş materialından 2 saat 38 dəqiqəlik ekran əsəri ərsəyə gəlib. Amma bu rəqəmlərin əsl dəyəri təkcə görülən işin miqyasında deyil, onun xidmət etdiyi mənəvi məqsəddədir.
Mənim üçün bütün bu zəhmətin ən böyük qarşılığı filmin insanların qəlbində oyatdığı duyğulardır. Bir şəhid anası ekranda öz övladından bir iz görəndə, bir qazi döyüş yoldaşlarını xatırlayanda, bir gənc Vətənin hansı fədakarlıqlar bahasına azad edildiyini anlayanda bu filmin əsl dəyəri üzə çıxır.
Başda Anar müəllim olmaqla filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi minnətdarlığımı bildirirəm. İllər keçəcək, nəsillər dəyişəcək, amma bu film yaşayacaq. Çünki xalqa verilə biləcək ən dəyərli töhfələrdən biri onun qəhrəmanlarını unutdurmamaq, ağrısını və qürurunu gələcək nəsillərə çatdırmaqdır.
Bu gün qəlblərə toxunan “44” filmi illər sonra da həmin günləri yaşamayan nəsillərə Zəfərimizin hansı fədakarlıqlar bahasına qazanıldığını xatırladacaq.
Ceyhun Osmanlı


























