Asif Əsgərov
Milli Məclisin deputatı
Xalqları tarix səhnəsində yaşadan, onları başqalarından fərqləndirən və milli kimliyini qoruyan ən mühüm amillərdən biri ana dilidir. Dil xalqın keçmişi ilə gələcəyi arasında mənəvi körpü yaradır, onun milli yaddaşını, adət-ənənələrini, ədəbiyyatını, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadır. Məhz buna görə də Azərbaycan xalqı tarix boyu öz ana dilini ən böyük milli sərvətlərindən biri hesab etmiş, onun qorunmasını və inkişafını müqəddəs vəzifə kimi qəbul etmişdir.
Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü ana dilimizin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərən əlamətdar tarixdir. Bu gün yalnız əlifbamızın və dilimizin bayramı deyil, həm də milli kimliyimizin, mənəvi irsimizin və dövlətçilik ənənələrimizin təntənəsidir.
Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, əsrlər boyu xalqımızın düşüncə tərzini, dünyagörüşünü və mənəvi dəyərlərini yaşatmışdır. Qədim yazılı abidələrimizdən başlayaraq klassik ədəbiyyatımıza, müasir elmi və bədii yaradıcılığa qədər bütün mənəvi irsimiz ana dilimizin zəngin imkanları sayəsində formalaşmışdır.
Tariximizin ən mürəkkəb dövrlərində belə Azərbaycan dili xalqımızın milli ruhunu qorumuşdur. Keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması cəhdlərinə baxmayaraq, Azərbaycan dili xalqın gündəlik həyatında, ədəbiyyatında və mədəniyyətində yaşamağa davam etmişdir. Lakin ana dilinin dövlət dili statusunun hüquqi cəhətdən təmin edilməsi üçün qətiyyətli siyasi iradə lazım idi.
Bu tarixi missiyanı Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik və cəsarətlə həyata keçirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsi milli tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Həmin dövrdə belə bir qərarın qəbul olunması təkcə hüquqi yenilik deyil, milli maraqların müdafiəsinə yönəlmiş strateji addım idi.
Müstəqillik illərində Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirildi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Heydər Əliyev dil məsələsinə hər zaman milli təhlükəsizlik və dövlətçilik prizmasından yanaşırdı. O bildirirdi ki, biz dilimizlə fəxr etməliyik: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin”. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə qəbul olunan mühüm fərmanlar dövlət dilinin tətbiqinin genişləndirilməsi, Dövlət Dil Komissiyasının yaradılması və avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi ilə nəticələndi. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə ana dilimizin qorunması və inkişafı istiqamətində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı, elektron məkanda istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dilimizin saflığının qorunması və normativ bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır.
Dilimizin zənginliyi onun yad təsirlərdən qorunmasını zəruri edir. Bu baxımdan, xüsusilə televiziya, radio, internet media və sosial şəbəkələrdə Azərbaycan dilinin normalarına əməl olunması böyük əhəmiyyət daşıyır. Çünki müasir informasiya məkanı cəmiyyətin nitq mədəniyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Qloballaşma yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır. Xarici dillərin öyrənilməsi elm, təhsil və beynəlxalq əməkdaşlıq üçün vacib olsa da, bu proses heç vaxt ana dilinə laqeyd münasibətlə müşayiət olunmamalıdır. Əksinə, Azərbaycan dili bütün sahələrdə – təhsildə, elmdə, rəqəmsal texnologiyalarda, süni intellekt sistemlərində və beynəlxalq informasiya platformalarında daha geniş istifadə olunmalıdır. Bu, dilimizin gələcək inkişafının və rəqabət qabiliyyətinin əsas şərtlərindən biridir.
Bu gün Azərbaycan dili dünyanın müxtəlif ölkələrində on yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi bağ rolunu oynayır. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəbləri, mədəniyyət mərkəzləri və diaspor təşkilatları ana dilimizin yaşadılması və təbliği istiqamətində mühüm missiya həyata keçirirlər. Ana dilinin qorunması həm də dünya azərbaycanlılarının milli birliyinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan dili zəngin keçmişi, geniş ifadə imkanları və müasir inkişaf potensialı ilə xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir. Onun saflığını qorumaq, düzgün istifadə etmək, gənc nəslə sevdirərək öyrətmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin ümumi vəzifəsidir.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bir daha xatırladır ki, ana dilinə sevgi Vətənə sevgidən başlanır. Dilimizi qorumaq milli kimliyimizi, tariximizi, mədəniyyətimizi və müstəqil dövlətçiliyimizi qorumaq deməkdir. Bu müqəddəs missiyanın həyata keçirilməsi isə Azərbaycan vətəndaşlarının şərəfli vəzifəsi olaraq qalır.


























