image-48d04e32-fd69-4b23-a1c6-dfec83a02303backend

Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edir

image-reklam_sirab_01

Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edir

 

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edilib ki, bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.

Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə bu ölkəyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Təbii ki, dövlətimizin başçısının Gürcüstana bu səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcəkdir.

Hazırda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycan isə Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb.

Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə Avropa üçün çox mühüm əhəmiyyət daşıyır.  Xüsusilə vurğulamaq lazımdır ki, enerji və nəqliyyat sahəsində reallaşdırılan yeni layihələrlə Avropa İttifaqına qaz ixracı artırılacaq və 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılacaq. Təbii ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.

Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir.  Həyata keçirilən irimiqyaslı layihələrin sayəsində ölkəmiz elektrik enerjisi ixracını artıracaq, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücü 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcək. Bakı Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımaları 5 milyon tona kimi artırılacaq. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır.

Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəlib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.

 

 

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki