image-malikbackend

Azərbaycan irəli sürdüyü təklifləri ilə Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyini təsdiqləyir – Malik Həsənov

image-reklam_sirab_01

“Öz işini uğurla başa çatdıran, “Qlobal dünya nizamına təhdidlər”i 50 ölkədən və beynəlxalq nüzuzlu təşkilatlardan olan nümayəndələrin  iştirakı ilə müzakirə edib yeni yanaşmalara yol açan   IX Qlobal Bakı Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Forumun siyasi aktuallığı iştirakçı dövlətlərin say tərkibində özünün aydın ifadəsini tapdı.  50 ölkənin təmçilçisini  bir araya gətirməklə həm də Azərbaycanın beynəlxalq imicinə işıq salan bu Forumda   aparılan müzakirələrin və fikir mübadilələrinin  dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyinə əminlik ifadə edildi. Forum çərçvəsində Bakıda və  Şuşada müzakirə olunan məsələlər bir daha bu reallığı təsdqlədi ki, bu gün yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Yeni yanaşmalar haqqında bəhs edərkən   ötən il keçirilən VIII Qlobal Bakı Forumundan builki Foruma qədər dünyanın dəyişdiyini görürük. Hər bir ölkə təhlükəsizlik tədbirlərinə öz töhfələrini verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq gündəlikdə dayanan əsas məsələlərdən birinə çevrilib”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, IX Qlobal Bakı Forumunun  açılışındakı nitqində tədbirin əhəmiyyətindən, dövrün aktual məsələlərinin müzakirəsində rolundan, ölkəmizin təhlükəsizliyinin təmin olunması  ilə bağlı məsələlərdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev  Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasını regionda təhlükəsizlik, sülh üçün mühüm amil kimi  dəyərləndirib: “Ölkə Prezidenti tədbir iştirakçılarına müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın  yanaşmaları barədə ətraflı məlumat verdi. Müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. Postmünaqişə dövrünün əsas reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsasdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasında nə qədər maraqlı olduğunu atdığı addımları, göstərdiyi səyləri ilə təsdiqləyir. Təbii ki, eyni addımları qarşı tərəfdən-Ermənistandan da gözləyirik.”

Millət vəkili onun da əlavə edib ki, 30 ilə yaxın işğal dövründə Azərbaycanın  hansı faciələrlə üzləşdiyini xalqımız heç zaman unutmayacaq: “İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərini təqdim  edir. Bütün evlər dağıdılıb, tarixi və dini abidələrimiz tamamilə yerlə-yeksan edilib ki, bu torpaqların Azərbaycana məxsusluğunu təsdiqləyən izlər tamamilə silinsin. Amma tarix hər zaman öz sözünü deyir.  Tarixi silmək, inkar yolunu tutmaq mümkünsüzdür. Azərbaycan ədaləti bərpa edib, öz torpaqlarına qovuşmaq üçün 44 gündə  Ermənistana heç zaman unuda bilməyəcəyi dərsi verdi. Dövlət başçısı İlham Əliyev bütün bu reallıqlara əsaslanaraq tədbir iştirakçılarına  belə bir həqiqəti də çatdırdı ki,  uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik.”

“Tarixi Zəfərimizdən ötən ilyarımdan artıq dövr Azərbaycanın 30 illik işğal zamanı yaşadıqlarının və postmünaqişə mərhələsinin gündəliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Ötənilki Forumun da panel iclası Şuşada keçirilmişdir. Bu il həmin  ənənə davam etdirildi. Bu mühüm addım  tədbir iştirakçılarına erməni vəhşiliklərini yaxından izləmək, Azərbaycanın şanlı Qələbəsindən ötən qısa dövrdə bu ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı qazandırır. Azad Qarabağdan, azad Şuşadan ünvanlanan hər bir çağırış, mesaj Ermənistanı və ona bu gün də dəstək verib sülh müqaviləsinin

imzalanmasında tərəddüdlərinə səbəb olan dövlətləri ciddi düşündürməlidir. Dövlət başçısı Forumdakı nitqində hazırkı dövrün reallıqları fonunda bəzi suallara qarşı tərəfdən cavab istədi: “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?”  Bölgənin gələcək inkişafından bəhs edərkən dövlət başçısı bu reallığı da xüsusi qeyd etdi ki, biz 30 il itirdik və erməni işğalı olmasa idi  Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi”,- deyə Malik Həsənov bildirib.

Millət vəkili artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ATƏT-in Minsk qrupunun  vasitəçiliyinə ehtiyacın olmamasından, 28 ildə qurumun fəaliyyətsizliyindən, postmünaqişə dövründə hansısa təklifi irəli sürmək imkanında olmamasından, hələ də ikili standartlara əsaslanan siyasətdən irəli gələn yanaşmalardan geniş bəhs edərək diqqəti Avropa İttifaqının vasitəçiliyinə yönəldib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüssel görüşləri keçirilib. Bu görüşlər sülh gündəliyinin formalaşmasında və onun müəllifi kimi Azərbaycanın irəli sürdüyü təkliflərin,  prinsiplərin təqdimatında mühüm rol oynayır. Dövlət başçısının IX Qlobal Bakı Forumundakı nitqində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirləri Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilib. Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir. Belə ki,  Avropa İttifaqının  Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında yazıb ki, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum. Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image